DİN-dən sərhədyanı əməliyyatlarla bağlı statistika

DİN-dən sərhədyanı əməliyyatlarla bağlı statistika
  03 İyun 2013    Oxunub:1315
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Rusiya ilə sərhədyanı rayonlarda aparılan əməliyyatlarla bağlı məlumat yayıb.
AzVision.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan və Rusiya Federasiyası Daxili İşlər nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən 2013-cü il mayın 20-dən 25-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 52 nəfər tutulub, həmçinin MDB-nin üzvü olan ölkələr tərəfindən axtarılan 29 nəfər saxlanılıb, 5 nəfər itkin düşmüş şəxsin yeri müəyyənləşdirilib. Qanunsuz saxlanılan 10 avtomat silah, 11 tapança, 47 ədəd yivli, ov və lüləsi kəsilmiş tüfəng, 24 qumbara, 7 minə yaxın müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt aşkar olunub. Ümumi çəkisi 9,2 tona yaxın yabanı halda bitmiş narkotik tərkibli bitki məhv edilib.

Quba və Oğuz rayonlarında isə 1-i keçmiş illərdən bağlı qalan 4 cinayətin üstü açılıb. Tədbirlər zamanı 680 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.

Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.


Teqlər:  





Xəbər lenti