Nazirlik dəymiş ziyanı açıqladı

Nazirlik dəymiş ziyanı açıqladı
  19 İyun 2013    Oxunub:2215
Eldar şamı cinsindən olan 156 ədəd yetkin ağaca ziyan dəyib
AzVision.az Ekologiya və Təbii Sərvətləri Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 18-də Ələt-Hacıqabul yolunun kənarında, “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisinin yaxınlığındakı boş çöllük-təpəlik sahədə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, 1000 hektara yaxın çöllük-təpəlik ərazini əhatə edən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səylərinə baxmayaraq güclü külək nəticəsində yayılaraq Ələt-Hacıqabul yolunun kənarında “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyəti tərəfindən salınmış təxminən 0,4 hektar yaşıllıq ərazini də əhatə edib. Baş vermiş yanğın nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin uzun illərlə çətin zəhmət hesabına ərsəyə gətirdiyi, eyni zamanda yoldan keçən insanların zövqünü oxşayan Eldar şamı cinsindən olan 156 ədəd yetkin ağaca qismən ziyan dəyib.

Yanğın ETSN-nin yerli qurumlarının və FHN-nin yanğınsöndürmə dəstələrinin köməyi ilə söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və küləkli keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan yaşıllıqları qorumağa çağırır.

AzVision.az


Teqlər:  





Xəbər lenti