“Dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb”
AzVision.az məlumatına görə, bunu Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə milli məsləhətləşmələrə həsr olunmuş müzakirələrdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, büdcə kəsirinin ÜDM-ə nisbəti 1%-i keçməyib: “Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 144,4 mlrd. dollar həcmində investisiya qoyulmasını təmin edib. Ümumilikdə son 10 ildə qeyri-neft sektoruna qoyulan investisiyalar 18,7 dəfə, daxili investisiyalar isə 22,1 dəfə artıb. Bu nailiyyətlər ölkədə yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradıb. Belə ki, əgər 2002-ci ildə ölkədə yoxsulluq səviyyəsi 46,7% təşkil edirdisə, 2012-ci ildə bu göstərici 6% təşkil etmişdi. Bununla da 2015-ci il üçün hədəf kimi müəyyən edilmiş yoxsulluq səviyyəsinə artıq nail olunub”.
Nazir bildirib ki, “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyası çərçivəsində sahibkarlığın inkişafına geniş imkanlar yaratmaq, biznes mühitinin daha da yaxşılaşdırılması, innovativ, bilik iqtisadiyyatının formalaşdırılması, iqtisadiyyatın intellektual texnoloji səviyyəsinin artırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi əsas istiqamətlərdəndir: “Ölkədə yaradılan iş yerlərinin sayı son 10 ildə 1,1 mln-u keçib. Bunlar arasında regionlarda 869 min yeni iş yeri yaradılıb və bununla da ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində işsizliyin səviyyəsi 5,2%-ə qədər enib”.
Anar Kəlbiyev