Xocavənddə arxeoloji tədqiqatlar başladı
Dağlıq Qarabağın ərazisində olan Nərgiztəpə qədim yaşayış məskəni haqqında ilk dəfə XX əsrin ortalarında Mil-Qarabağ bölgəsində tədqiqat aparan görkəmli alim A.A.İessen məlumat vermişdi. Tədqiqatçı alim, orada aşkarlanan orta tunc dövrünə və antik dövr küp qəbirləri mədəniyyətinə aid keramika nümunələrinə əsaslanaraq Nərgiztəpəni çoxtəbəqəli abidə kimi göstərib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan Nərgiztəpə ətrafında orta əsrlərə aid yaşayış yeri, tikili qalıqları və qəbiristanlıq var. Burada orta tunc dövründən başlayaraq orta əsrlərə qədər mədəniyyətlər ardıcıl olaraq bir-birini əvəz edib. Ərazidəki qəbirüstü daşların üzərinə qazıma üsulu ilə müxtəlif işarə (ox, kaman və s.), damğalardan ibarət naxışlar çəkilib.
Qəbirlərin üstündə, eləcə də ətrafdakı iri yumru daşlar diqqəti cəlb edir. Yerli əhalinin dediyinə görə, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələrin bəziləri, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar bu ərazilərdə baş verib.
Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan Nərgiztəpə ərazisində aparılan arxeoloji tədqiqatlar həm qədim tariximizin öyrənilməsi baxımından, həm də siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edir.
AzərTac
Teqlər: