Bakalavrların nəzərinə

Bakalavrların nəzərinə
  06 Avqust 2013    Oxunub:1202
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edib.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisəsinin magistraturasına qəbul olunan bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2013-cü il 7 avqust saat 9.00-dan 14 avqust saat 09.00-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (tqdk.gov.az/erizemag) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ərizəsi”ndə qeyd edib, təsdiqləməlidirlər.

Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmələri mümkün deyil.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul 2013-cü il martın 3-də və iyunun 23-də keçirilən ikimərhələli qəbul imtahanında toplanan ballar əsasında müsabiqə yolu ilə aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti