Bu Ramazanda 10 minlərlə müsəlman öldü
Türkiyə mətbuatının məlumata görə, Ramazan ayında atəşkəsin bərpası üçün göstərilən səylərin nəticə vermədiyi Suriyada hələ də günahsız qanlar axıdılır.
BMT-nin məlumatlarına görə, 2011-ci ilin martında başlayan vətəndaş müharibəsi nəticəsində bu ölkədə ölənlərin sayı 100 mindən çox olduğu, 1 milyondan çox insanın qonşu ölkələrə sığındığı, yüz minlərlə insanın isə yaralandığı bildirilir. Ramazan ayında baş verən qarşıdurmalarda isə 2 mindən çox insan həlak olub.
Misirdə gərginlik davam edir
Misirdə demokratik seçkilərlə hakimiyyətə gələn ilk prezident Məhəmməd Mursinin iyulun 3-də hərbi çevriliş yolu ilə devrilməsindən sonra demokratiya tərəfdarlarının küçələrə tökülməsi və təhlükəsizlik qüvvələrinin aksiyaçılara atəş açması yüzlərlə vətəndaşın ölümünə səbəb oldu.
İyulun 27-də "Rabiatul Adeviyye" meydanında ordunun aksiyaçılara qarşı odlu silahdan istifadə etməsi nəticəsində 200 nəfər dinc aksiyaçının öldürülməsi isə ölkədə vəziyyəti daha da ağırlaşdırdı.
Ramazan ayı boyunca bəzən çevriliş əleyhdarları ilə tərəfdarlar arasında baş verən qarşıdurmaların da ölümlə nəticələnməsi də vəziyyətin tezliklə düzəlməyəcəyinə bir işarədir.
İraqda məzhəb qarşıdurması başlayıb
ABŞ ordusunun 2003-cü ildə İraqı işğal etdikdən sonra baş verən kamikadze və terror hücumlarının böyük itkilərlə nəticələnməsi ölkəni kökündən sarsıdıb.
Ramazan ayında isə bu hücumların daha da artması nəticəsində 341 nəfər həlak olub, 820 nəfər də yaralanıb. İraq təhlükəsizlik qüvvələrini və ölkənin şiə əhalisini hədəf alan bu hücumlar son vaxtlar Bağdad, Diyala, Səlahəddin, Kərkük və Mosulda daha da artıb. Son hücumlar isə ölkədə yüz minlərlə adamın ölümünə səbəb olan məzhəb qarşıdurmalarının yenidən artacağına işarədir.