Çətin iqtisadi ilin düzgün addımları – TƏHLİL
Amerika iqtisadiyyatı inkişafda və artımda olduğu zaman dollar həmişə möhkəmlənir. ABŞ dollarının möhkəmlənməsi isə bir sıra strateji məhsulların dəyərini istər-istəməz ucuzlaşdırır. Bu sırada başda xam neft olmaqla, enerjidaşıyıcıları gedir. Həmin məhsulların ucuzlaşması isə gəlirləri bunlardan asılı olan ölkələrin iqtisadi vəziyyətlərini avtomatik olaraq pisləşdirir. Odur ki, ölkəmiz 2014-cü ilin yayından bəri neftin qiymətinin enməsindən böyük əziyyət çəkir.
Ölkəmiz üçün bu ilin əvvəli pis başlamışdı. Heç bir ötən ildə yenicə icra olunmağa başlayan dövlət büdcəsinə fevral ayında baxılmamışdı. Bu il isə 2-ci devalvasiyadan sonra istehlak bazarında qiymətlər yüksəldiyindən maaşları və pensiyaları cüzi də olsa, artırmaq zərurəti yarandı. Və bununla əlaqədar olaraq da büdcə təqribən 2 milyard manat artırılmalı oldu.
Ümumiyyətlə, söhbət, əgər 2016-cı ilin ümumən, ölkədəki makroiqtisadi vəziyyətə təsiri və əhəmiyyəti baxımından həm uğurlu, həm də uğursuz hadisə və qərarlarından gedərsə, hesab edirəm ki, bank sektorundakı vəziyyətlə əlaqədar bu il ərzində ciddi şəkildə heç bir dəyişikliklərin baş verə bilməməsi iqtisadi siyasətdə ən zəif cəhət sayılmalıdır. Düzdür, ilin əvvəlindən bəri 10-dan çox kommersiya bankı bağlandı, Beynəlxalq Bankla (ABB) bağlı sağlamlaşdırma tədbirləri davam etdirildi və sair. Lakin bununla belə, problemli kreditlər, dollarizasiya və sair kimi problemlər çözülməmiş qaldı.
Ən uğursuz qərar isə "Bank Standard" ilə bağlı oldu ki, hökumətin əvvəl hansı məntiqlə bu bankı sağlamlaşdırmaq qərarına gəldiyi və sonra da onu nədən bağladığı, kifayət qədər aydın olmadı. Odur ki, anoloji hadisənin ABB ilə əlaqədar da baş verəcəyi qorxusu yarandı.
Uğurlu qərarlara gəldikdə isə, ilin əvvəlində - fevral ayında büdcəyə dərhal dəyişikliklər edilməsini və neftin qiymətinin 25 dollara salınmasını, bir sıra struktur yeniliklərinin həyata keçirilməsini, xüsusən də Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasını, Maliyyə Nazirliyi və SOCAR vasitəsilə dövriyyəyə qiymətli kağızların buraxılmasını və bu sahədə bazarın canlandırılmasını, qeyri-neft sektorunun inkişafı məqsədilə hələ ki hüquqi-normativ sahədə də olsa, bir sıra zəruri və vacib qərarların qəbul edilməsini və addımlar atılmasını yüksək qiymətləndirə bilərəm.
Böhranın dərinləşməsi sürəti ilin ortasına doğru səngidi. Lakin proses davam etdi. 2-ci devalvasiyadan indiyədək manat dollar qarşısında 13%-dən çox, 1-ci devalvasiyadan keçən müddət ərzində 66%-dən çox, devalvasiyalardan əvvəlki dövrlə (1$=0,78 qəpik olan) müqayisədə isə 125%-ə yaxın ucuzlaşıb. Və bu, hələ, “tam üzən məzənnə” rejimi mexanizmi əsasında baş verməyib. İnflyasiya hazırda 12%-ə yaxındır. AMB-nin rəsmi valyuta ehtiyatları bu il ərzində də azalaraq 4 milyarda düşdü. Hansı ki, ölkənin iqtisadi təhlükəsizliyi baxımından, daha bundan aşağı yer yoxdur.
Ancaq bütün bu qeyd olunanlara rəğmən, neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 2-3 dəfədən çox aşağı düşməsi əksər neft ölkələrindən fərqli olaraq, Azərbaycanı çox "vurmayıb" desək, heç də yanılmarıq.
Düzdür, manatın dəyəri 125% ucuzlaşıb, buna müvafiq olaraq istehlak qiymətləri yüksəlib, 12% civarında inflyasiya qeydə alınmaqdadır, iqtisadi artım tənəzüldədir və s. Lakin, büdcə və özəl strukturlarda hələ hissolunacaq səviyyədə ixtisarlar baş verməyib, maaşların və pensiyaların ödənişlərində yubanmalar yaranmayıb, bu və ya digər istehlak məhsullarının qıtlığı problemi ortaya çıxmayıb, əhalinin enerjidaşıyıcıları ilə təminatında ciddi və kütləvi problem və sair yaranmayıb.
Təkcə bir problem mövcuddur ki, o da xarici valyuta “qıtlığıdır”. Amma bu da katastrofik həddə deyil.
Demək istədiyim budur ki, təzyiqə kifayət qədər yaxşı tab gətirə bilmişik. Bunun hər bir halda fərqinə varmalıyıq.
Belə ki, AMB-nin 15 milyard dollar həcmində rəsmi valyuta ehtiyatını itirsək də, vəziyyət kritik həddə deyil. Bütün bunlar da ölkəmizin neft amilinə dayanaqlı makroiqtisadi dayanıqlığının kifayət qədər möhkəm olduğunu bir daha göstərdi.
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: