Azərbaycanda yeni universitetlər yaradılacaq

Azərbaycanda yeni universitetlər yaradılacaq
  19 Yanvar 2017    Oxunub:4314
“İki özəl ali təhsil müəssisəsinin bağlanması müstəqil dövlətçiliyimizin indiki mərhələsində təhsil sahəsində aparılan islahatların nəticəsidir”.
Bunu AzVision.az -a Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, təhsil sahəsində islahatlar zaman-zaman davam edəcək.

“Bundan əvvəlki mərhələlərdə özəl ali təhsil müəsəsisələrindən zamanın tələbinə uyğun olmayanların birləşdirilməsi və ya fəaliyyətlərinin dayandırılması haqqında qərarlar verilib. İndi də özəl ali təhsil müəssisələrindən bəzilərinin fəaliyyətinin dayandırılması inkişaf etməkdə olan ali təhsil müəssisələri ilə ayaqlaşa bilməmələrindən, zamanın tələbindən geri qalmalarından irəli gəlir. Bu sahədə islahatların aparılması labüddur. Bu, təhsilin, elmin, yeni təhsilli nəslin hazırlanmasının xeyrinə olan addımdır. Düşünürəm ki, digər dövlət ali məktəblərinin birləşdirilməsi haqqında cəmiyyətdə yayılan fikirlərin əsası yoxdur. Çünki dövlət ali təhsil müəssisələrinin əksəriyyətinin geniş maddi-texniki bazası və kadr potensialı formalaşıb”.

İ.Həbibbəyli bildirib ki, Qafqaz Universitetinin bağlanmasında, fəaliyyət sferasının dəyişdirilməsi və ya tamamilə yenidən qurulmasında təkcə maddi-texniki baza yox, universitetdə bu vaxta qədər aparılan tədrisin ideoloji xarakterinin Azərbaycanın milli və dövlətçilik maraqlarına uyğun gəlməməsi əsas gətirilib: “Bu səbəb maddi-texniki bazanın geri qalmasından az əhəmiyyət kəsb etmir. Ona görə Qafqaz Universitetindəki təlim-tərbiyə, orada əsas götürülən ideya nəinki Azərbaycan, heç qonşu dövlətlər üçün də əhəmiyyətli olmayıb”.

Komitə sədri hesab edir ki, zərurət olduqca yeni ali təhsil müəssisələrinin yaradılması reallaşa bilər: “Vaxtilə Azərbaycanda 50-ə yaxın özəl universitet olub. Zamanın tələbinə uyğun gəlməyən, maddi-texniki bazası yetərincə olmayan, kadr potensialında böyük qüsurlar olan universitetlər sıradan çıxarıldı. Bu gün Azərbaycanda özəl universitetlərin sayı 13-dür. Odlar Yurdu Universiteti, Xəzər Universiteti, Qərb Universiteti inkişaf etmiş və özlərini yaxşı cəhətdən bütün yönlərdə göstərmiş ali təhsil müəssisələridir”.

İ.Həbibbəylinin sözlərinə görə, hazırda Azərbaycanda yeni ali təhsil müəssisələrinin yaradılmasına ehtiyac var. O, bildirib ki, zəruri olan hallarda yeni universitetlər yaradılacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti