Hidrogen enerjisi: imkanlar və perspektivlər

      Hidrogen enerjisi:    imkanlar və perspektivlər
  25 Dekabr 2024    Oxunub:475
Qlobal iqlim dəyişikliyi fonunda yaşıl enerjiyə keçid kontekstində ən vacib komponentlərdən biri də hidrogen enerjisindən istifadə amilinin gücləndirilməsidir. Mütəxəssislər bunun üçün həm dünyada, həm də Azərbaycanda kifayət qədər potensialın odluğunu bildirirlər.
“Son dövrlər yaşıl enerjiyə keçid istiqamətində həm ölkə, həm də beynəlxalq miqyasda iri layihələr həyata keçirilməkdədir. Ölkələrin yaşıl enerjiyə keçidi istiqamətində ətraf mühitə atılan emissiyaların azaldılması müstəvisində hidrogendən istifadə, iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunması çox vacib sayılır”.

AzVision.az -a müsahibəsində bu reallığı vurğulayan Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin “Hidrogen və yaşıl texnologiyalar” şöbəsinin müdir müavini Fuad Həsənov ilk növbədə “təmiz hidrogen” anlayışına diqqət çəkib.


Onun sözlərinə görə, istehsal prosesində istifadə edilən texnologiyalardan və resurslardan asılı olaraq, yaşıl, mavi və digər hidrogen məfhumları mövcuddur. Ətraf mühitin çirkləndirilməsi baxımından, biz əsasən, təmiz hidrogen olan yaşıl və mavi hidrogen anlayışlarından istifadə edirik.


Bu texnoloji proseslər zamanı hidrogenin istehsalı ətraf mühitə minimal karbon emissiyası təsirləri yaradır. Ümumiyyətlə isə, hidrogenin dekarbonlaşdırılması çətin sayılan müxtəlif iqtisadi fəaliyyət sahələrində - sənayedə, nəqliyyatda tətbiqi mühüm əhəmiyyətə malikdir ki, bu da ölkələrin qarşılarına qoyduqları iqlim hədəflərinə nail olmaqda başlıca komponentlərdən biri sayılır.


Nəqliyyat sahəsində hidrogen əsaslı hücrələrdən istifadə edilən texnologiyaların nəqliyyat vasitələrində istifadəsi mümkündür. Həmçinin gəmiçilikdə, hava nəqliyyatında dayanıqlı yanacağın istehsalı zamanı onlardan istifadə olunur. Bununla yanaşı, kənd təsərrüfatı sahəsində gübrələrin, karbamid, metanol, ammonyak kimi digər məhsulların istehsalında hidrogendən xammal kimi istifadə edilir.

Energetika sahəsində hidrogenin tətbiqi mövcuddur ki, ondan da enerji saxlancı məqsədilə istifadə olunur. Belə ki, dəyişən və bərpa edilən enerji mənbəyi kimi günəş və külək enerjisi hesabına istehsal olunan elektrik enerjisinin hidrogen formasında saxlanılması, tələbat yarandıqda isə həmin hidrogendən təkrarən elektrik enerjisinin istehsalı kimi təcrübə də var.


Ümumiyyətlə, təmiz hidrogendən istifadə nəqliyyat, sənaye və digər sahələrdə tətbiq olunduğundan karbon emissiyalarının azaldılmasında və ölkələrin karbon neytrallığına çatmasında xüsusi rola malikdir. Ölkələr enerji təhlükəsizliyinin daha yaşıl və dayanıqlı mənbələr hesabına təmin olunması üçün artıq hidrogeni də öz gündəliklərinə əlavə ediblər.

-Bu baxımdan, Azərbaycan hansı işləri görür və Azərbaycanın bununla bağlı xüsusi gündəliyi varmı? Bunun üçün nələr etmək lazımdır?

-Ölkəmizin strateji sənədlərində və proqramlarında hidrogendən istifadə istiqamətində layihələr artıq qəbul olunub. Bu bizim gündəliyimizdə var və bu istiqamətdə artıq araşdırmalara başlamışıq. Bundan əlavə, COP29 çərçivəsində Azərbaycan ilk dəfə “Hidrogen üzrə Milli Strateji baxış” sənədini qəbul etdiyini açıqladı. Təsadüfi deyil ki, COP29 çərçivəsində enerji sahəsində irəli sürülən 3 təşəbbüsdən biri də hidrogen bəyannaməsidir. Bütün bunlar ölkəmizdə artıq bu sahədə irəli ciddi addımalr atmağa imkan verir. Bu məqamlar sözügedən sahədə bizim üçün əsas sütunlar rolunu oynayacaq.


Qeyd edim ki, “Hidrogen üzrə Milli Strateji baxış” sənədinə qədər də aparılan müəyyən təhlillərə əsasən, həm quruda, həm də dənizdə Azərbayvcanın kifayət qədər yüksək səviyyədə bərpa olunan enerji potensialı olduğu sübuta yetirilib. Eyni zamanda, zəngin təbii qaz ehtiyatlarına malik olmağımız da aşağı karbonlu hidrogen iqtisadiyyatının ölkəmizdə inkişaf etdirilməsinə xüsusi töhvə verir.

-Deməli bizim bu potensialımız kifayət qədərdir?
-Bəli, dənizdə qiymətləndirilmiş külək enerjisi resurslarının texniki potensialı 157 Qiqavatt həcmindədir. Bu da bizə ölkə daxilində və regional miqyasda hidrogen ekosisteminin inkişaf etdirilməsinin əsas özək rolunu oynamasına imkan verəcək. Eyni zamanda, Xəzər dənizindən və Azərbaycandan keçməklə Qara dənizin dibi ilə ixrac marşrutu istiqamətində uzanan “yaşıl enerji dəhliz”lərində hidrogen komponenti də mövcuddur.

Bundan əlavə, Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan və Qazaxıstan Azərbaycanla “yaşıl enerji dəhliz”lərinin qurulmasında maraqlıdırlar. Bu komponentlərdən biri də yaşıl hidrogen və digər yaşıl qazların ixracı istiqamətidir ki, onların da ixrac potensialı qiymətləndiriləcək.

-Biz yalnız günəş və külək enerjisi hesabına hdirogen istehsalını palnlaşdırırıq? Digər hidrogen növləri müstəvisində işlər hansı vəziyyətdədir?

-Yaşıl hidrogen istehsalında elektik mənbələri təmiz növlər, yəni su, külək və günəş enerjisi olmalıdır. Bu prosesdə suyun elektolizi nəzərdə tutulur. Suyun tərkibi oksigen və hidrogenə bölünür, hidrogen istehsalı həyata keçirilir. Bu ən təmiz növ olan yaşıl hidrogen sayılır.
Mavi hidrogen istehsalında isə təbii qaz müxtəlif texnoloji proseslər nəticəsində hidrogenə çevrilir və yaranan karbon emissiyasının tutularaq saxlanılması texnologiyaları vasitəsi ilə onun atmosferə atılmasının qarşısı alınır.


Bu baxımdan, bizim bərpa edilən enerji resurslarımız olmalıdır və kifayət qədər də təsdiqlənmiş resurslarımız var. Eyni zamanda, tarixən də ölkəmizin təbii qaz ehtiyatları zəngin olub və hal-hazırda bu ehtiyatlardan istifadə edilir. Əsas məsələlərdən biri də gələcəkdə dənizdə yerləşən qaz quyularından karbonun saxlanılmasında istifadə olunmasıdır.

-Bəs, təbii qazdan alınan mavi hidrogeni mövcud boru kəmərləri ilə nəql etmək mükündürmü?

-Bəli. Bununla bağlı praktik araşdırmalar artıq aparılıb. Mövcud boru kəmərlərində müəyyən texnoloji gücləndirmə prosesinin tətbiqi əsasında 20%-i hidrogen olmaqla təbbi qazla hidrogenin qarışığı şəklində məhsulun nəqlini həyata keçirmək mümkündür. Lakin bu da növbəti mərhələdə araşdırmalara və əsaslı rəqəmlərə söykənməlidir ki, gələcəkdə onun ötürülməsi ilə bağlı təhlükəsizlik qaydalarına əməl olunsun.

-Yəni bu kortəbii proses olmamalıdır və hər şey əvvəlcədən qiymətləndirilməlidir?

-Hidrogenin fiziki xə kimyəvi xüsusiyyətləri qazdan fərqli olduğu üçün onun nəqli zamanı həmin boru kəmərinin vəziyyəti öyrənilməli, sırf hidrogen və yaxud da təbii qaz-hidrogen qarışığı üçün istifadə edilməsi mütləq şəkildə əvvəlcədən qiymətləndirilməlidir.
Yeri gəlmişkən, Cənub Qaz Dəhlizində də bu sahədə artıq qiymətləndirilmələrə başlanılıb və ilkin nəticələrə əsasən, təqribən 10%-ə qədər hidrogenin təbii qazla qarışığı şəklində ixrac və nəqlinin mükünlüyü qeydə alınıb.


-Bu müstəvidə Avropa bazarlarında vəziyyət necədir? Ümumiyyətlə, Azərbaycanın Avropanın hidrogen bazarlarına çımaq potensialı və ehtimalı hansı səviyyədədir?

-Əvəvlcə öz potensialımız haqqında məlumat vermək istərdim. Hazırda ölkəmizdə karbamid, metanol zavodları fəaliyyət göstərir ki, burada da xammal kimi hidrogendən istifadə olunur. Lakin bizim yaxın və orta perspektivdə əsas məqsədimiz istifadə olunan ənənəvi hidrogeni təmiz hidrogenlə əvəz etməkdir. Daha sonra isə ixrac istiqamətlərimizi və marşrutlarımızı müəyyənləşdirərək, bazarda olan tələbata uyğun şəkildə ixrac potensialımızı qiymətləndirməliyik. Bu zaman ilkin olaraq, daxili bazarın dekorbanlaşdırılmalıdır, nözbəti mərhələdə isə Avropa İttifaqı və digər istiqamətlərə yönələn ixrac marşrutları nəzərdən keçirilməlidir.

Beynəlxalq Enerji Agentliyinin verdiyi hesabata əsasən, 2023-cü ildə dünyada hidrogen enerjisinə tələbat 100 milyon ton həcmində qiymətləndirilib və 2030-cu ilə bu göstəricinin 60% artacağı gözlənilir. Eyni zamanda, Avropa Komissiyası tərəfindən irəli sürülən “REPowerEU” proqramı çərçivəsində Avropa İttifaqında ildə 10 milyion ton hidrogen istehsalı və xaricdən daha 10 milyon ton həcmində bərpa olunan hidrogenin idxalı nəzərdə tutulur ki, bu da ölkəmizin ixrac istiqamətlərinin formalaşdırılmasında önəmli rola malikdir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Hidrogen   potensial   perspektivlər  





Xəbər lenti