Qahirədə kütləvi etiraz aksiyaları başlayıb

   Qahirədə kütləvi    etiraz aksiyaları    başlayıb
  24 Dekabr 2024    Oxunub:364
Prezident Əbdül Fəttah əs-Sisinin hərəkətlərindən qəzəblənən minlərlə misirli ölkənin paytaxtı Qahirənin küçələrində etiraz aksiyalarına çıxıb. Bunun əsas səbəbləri kimi iqtisadi vəziyyətin pisləşməsi, korrupsiyanın yüksək səviyyəsi və vətəndaş azadlıqlarının məhdudlaşdırılması göstərilir.
AzVision.az “Baltimorechronicle” nəşrinə istinadən xəbər verir ki, ehtirasları coşduran məqam 45 milyard dollar dəyərində qiymətləndirilən yeni prezident sarayının və inzibati kapitalın tikintisinin elan edilməsi olub. Həyat səviyyəsinin pisləşməsi və vətəndaşlar arasında artan narazılıq fonunda bu xəbər cəmiyyətdə protest əhval-ruhiyyəsini gücləndirib.

“Ərəb baharı"nın ölkədə yaratdığı xaosdan sonra 2014-cü ildə hakimiyyətə gələn general Əbdül Fəttah əs-Sisi 2019-cu ildə keçirilən referendumda prezidentlik müddətini 4 ildən 6 ilə uzadıb. Bununla belə, onun hakimiyyət illəri misirlilərin həyatını yaxşılaşdırmadı, bir çoxları isə iqtisadi siyasətin böhranı daha da pisləşdirdiyini iddia edir.

“Ərəb baharı” dalğası çərçivəsində 2012-ci ildə Misirdə hakimiyyətə gələn və təxminən bir ildən sonra devrilən “Müsəlman qardaşlar” hərəkatının tərəfdarları yenidən etiraz aksiyalarında fəal iştirak edirlər. Qahirədə davam edən və miqyası böyüyən bu protestlərlə bağlı Misir hakimiyyəti hələ ki, rəsmi açıqlama verməyib.

Çox böyük ehtimalla, vaxtı ilə “Müsəlman qardaşlar”ı dəstəkləyən kollektiv Qərbin, xüsusilə də Vaşinqtonun əsas məqsədi Misirdə yenidən hakimiyyət çevrilişinə nail olmaqdır. Çünki prezident Əbdül Fəttah əs-Sisinin xarici siyasət kursu, ən əsası da Rusiya ilə sıx münasibətlər qurması ABŞ-nin Yaxın Şərqdəki maraqları ilə toqquşur. Bu baxımdan, Misirdə yaşanan etiraz aksiyalarının Suriya hadisələrinin məntiqi davamı kimi qiymətləndrimək olar.

Yeri gəlmişkən, cəmiyyətdə ehtirasları çoşdurmaq üçün guya 45 milyard dollara başa gələcək prezident sarayının inşası barədə məlumatın haradan və kimlər tərəfindən ortaya atılması da ciddi suallar və şübhələr doğurur. Belə ki, “ərəb baharı” ssenari çərçivəsində 2011-сi ildə hakimiyyətdən devrilən Misirin keçmiş prezidenti Hüsnü Mübarəkə qarşı da milyardlara dollarlıq korrupsiya və mənimsəmə ittihamlara irəli sürülürdü. Almaniyanın “N24” telekanalında yayımlanan materialda isə onun varidatının 70 milyard dollar həcmində olduğu iddia edilirdi. Bəzi Qərb kivləri isə bu rəqəmin 90 milyarda çatdığını yazırdılar.

Lakin hələ “Müsəlman qardaşlar” hakimiyyətdə olarkən, 2013-ci ilin iyununda Misirin Baş prokurorluğu Hüsnü Mübarəkin ailəsinin (onun özü, həyat yoldaşı, iki oğlu və iki gəlini) ümumi var-dövlətinin cəmi 1,3 milyard dollar təşkil etdiyini rəsmi şəkildə açıqladı. Bu məbləğə onlara məxsus olan evlərin və villaların da qiymətləri daxil idi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Misir   etirazlar   maraqlar  





Xəbər lenti