Biznes inkubatoru nədir və bizə nə verəcək? – TƏHLİL

Biznes inkubatoru nədir və bizə nə verəcək? – TƏHLİL
  27 Yanvar 2017    Oxunub:17086
Ölkədə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinə böyük ümidlər bağlanmaqdadır. Çünki kiçik və orta sahibkarlığın güclənməsi qeyri-neft sektorunun inkişafında böyük önəm daşıyır və əsas hədəf sayılmalıdır.

Yeri gəlmişkən, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsul (ÜDM) istehsalında kiçik və orta sahibkarların payına baxsaq, qeyd edə bilərik ki, neçə illərdir məsələn, konkret olaraq kənd təsərrüfatına dövlət tərəfindən mühüm güzəştlər tədbiq edilsə də, müvafiq maliyyə dəstəyi göstərilsə də, kreditləşdirmə həyata keçirilsə də bizdə kiçik və orta sahibkarlığın inkişafı qənaətbəxş səviyyədədir. Ona görə, Xəritədə də qeyd edilib ki, inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ÜDM-də və məşğulluqdakı xüsusi çəkisinə nəzər saldıqda Azərbaycanda da davamlı iqtisadi inkişafın təmin edilməsində onun əsas hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas çağırışlardan biridir.

Ancaq məsələ bundadır ki, Strateji Yol Xəritəsi çərçivəsində görüləcək tədbirlər sırasına mərkəzləşdirilmiş agentliyin yaradılması, xüsusi sənaye zonalarının və klasterlərin təşkili, fəaliyyətə xitam verilməsi və müflisləşmə məsələlərinin həlli sahəsində islahatların aparılması, sözgedən sahibkarlıq subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqi, ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması və o cümlədən, biznes inkubatorları, startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin təsisi kimi işlər daxil olduğundan, bunların hər biri ayrı-ayrılıqda mühüm və ciddi məsələlər sayılır.

Bunlardan sonuncusu diqqət tələb edən və xüsusi yanaşmaya ehtiyac olan prioritet məsələdir. Sual olunur ki, biznes inkubatorları nədir? Biznes inkubatorlarının yaradılmasının ölkə iqtisadiyyatına hansı təsiri olacaq?

Biznes inkubator - başlanğıc mərhələdə kiçik sahibkarlıq fəaliyyətinin yaranması, başqa sözlə desəm, təşəkkül tapması üçün yardım əli uzadan bir subyektdir. Yəni, kiçik sahibkarlıq ilə məşğul olmaq istəyənlərə icarə üçün yer ayıran, məsləhət verən, hüquqi, mühasibat və digər xidmətlər göstərən subyekt... Bu, çox mühüm və vacib məsələdir.

Dəfələrlə qeyd etmişəm ki, sahibkar “alverçi” yox, ideya istehsalçısı və təşəbbüskarçı deməkdir. Bir müddət öncə, “bizdə əsl sahibkar yoxdur” mövzusunda təhlil yazımda da göstərmişdim ki, ölkəmizdə inflyasiyanı demək olar, yüzdə yüz istehlakçı, yəni alıcı kütləsi yaradır, normal bazar iqtisadiyyatı olan ölkələrdə isə bunu istehsalçı edir. Başqa sözlə desəm, sahibkarlıq fəaliyyəti. Yəni, bizdə istehlakçının xərcləri artırsa qiymətlər yüksəlir, inkişaf etmiş ölkələrdə isə istehsalçıların – sahibkarların... Ona görə də Avropada və Amerikada (ABŞ-da) inflyasiya adətən, aşağı olanda narahatçılıq yaranır, bizdə isə yuxarı.. Buradan sual ortaya çıxır ki, görəsən, bizdəki sahibkarlar ABŞ-da və Avropadakı sahibkarlardan daha “ağıllıdırlar”, yoxsa başqa səbəb var?!



Təbii ki, bizdəkilər daha “ağıllı” deyillər, sadəcə, onların fəaliyyəti düzgün deyil, yəni lazımi istiqamətdə qurulmayıb. Səbəb yalnız bundan ibarətdir. Halbuki, hər il dövlət dəstək üçün onlara 100 milyonlarla manat pul verir. Təkcə bunun özü, normalda inflyasiya yaratmalıdır… Niyə yaratmır?! Çünki, həmin pul iqtisadiyyatda bilavasitə dinamika təşkil etmir, “qazan qaynatmır”.

Ona görə də, bizdə sahibkarlara dəstək üçün əslində, pul vermək lazımdır, ya yox sualına, “yox!” cavabını verirəm! Ondansa, sahibkarın özünü yetişdirmək lazımdır. İstənilən ideya və təşəbbüsün isə gerçəkləşməsinə yardım və kömək göstərilməlidir. Yardım və kömək göstərilməsi təkcə pul verməkdən ibarət deyil. Məsləhət, hüquqi yolunu göstərmək, qeydiyyata alınmadan başlayaraq, kargüzarlıq, yönləndirmə və sair kimi məsələlər də bura daxildir.

...İlk biznes inkubatorlar ötən əsrin 50-ci illərində ABŞ-da meydana gəlib. Və bu gün də onlar demək olar ki, bütün dünyada mövcuddur. İnkişaf etmiş ölkələrdə biznes inkubatorların işinə məsələn, müvafiq ofisi zəruri avadanlıqlarla təmin etmək, mühasibat uçotu, bayaq qeyd etdiyim kimi, kargüzarlıq aparmaq, biznesin irəliləməsi üçün məsləhətlər, hətta müvafiq vəsait axtarışı, biznesin aparılması və bu sahədə uğura nail olunması üçün müxtəlif təlimlər, seminarlar keçirmək kimi xidmətlər daxildir.

İndi qeyd olunur ki, hökumət 2020-ci ilə kimi ölkədə azı 5 biznes inkubatoru yaradılmasını nəzərdə tutur. Eybi yox, sayca 5-dən də az olsun! Amma kiçik bizneslə məşğul olmaq istəyənlərə bunun əhəmiyyətli dərəcədə səmərəsi dəyməlidir.

Strateji Yol Xəritəsində sözügedən prioritetin icrası üçün 2020-ci ilədək 50 milyon manat həcmində investisiya tələb olunduğu yazılıb. Lakin digər şərh və müsahibələrimdə də qeyd etmişəm ki, müəyyən edilən strateji hədəfə və qeyd olunan məsələlərin həllinə çatmaq üçün əsas şərt tələb olunan vəsaitlərlə bağlı deyil və bu, medalın görünən tərəfidir. Başqa sözlə desəm, maliyyə tapmaq özlüyündə çətin iş sayılmır, hər şey məhz görüləcək işlərdən asılıdır.

Hesab edirəm ki, qarşıdakı 3-4 il ərzində cəmi hətta 2-3 biznes inkubatorlarının təşəkkül tapması yolu ilə kiçik və orta sahibkarlığın inkişafına həqiqi mənada dəstək göstərmək təşəbbüsünə nail olunsa, bu, dərhal diqqəti cəlb edəcək və qısa müddətə ardıcıl bir prosesə çevriləcək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti