Xəyal və gerçəkliyin fəlsəfəsi

Xəyal və gerçəkliyin fəlsəfəsi
  22 Fevral 2017    Oxunub:10789
Tural İsmayılov

21-ci əsrə qədəm qoyan dünya tarixi insanın gerçkliklə irrasional həyəcanları arasında əlaqələr axtarmağa başladı. Psixologiyanın sosial elmlər arasında sosiologiya və fəlsəfədən qabağa keçməsilə nəticələnən araşdırma və tədqiqatlar özünə tərəfdarlar toplamağı bacardı.


Yunq çağdaş insanı öyrənmənin yeni üsullarını ənənəvi metodlardan üç nüansa görə fərqləndirir və üstəlik, bu yeni fərqləndirmə yalnız empirik bilgi davamçıları üçün vasitə olmur; istər media mənsubları, istərsə də hər bir peşə sahibi bu kodeksləri mənimsəməkdə əsla ləngiməməlidir. Jan Pol Sartrın fəlsəfə və ədəbiyyat arasında vertikal var-gəllərinin, Tomas Mannın kültürəl araşdırmaları ilə nəsr arasındakı seçimləri və Eynşteynin fizika, kimya və metafizik fəlsəfə arasındakı periodik sıçrayışları bunun sayəsində mümkün oldu.

Yunqun arxetiplərini təkmilləşdirən Fromm üç fərqi qısaca izah edir:
1) İnsan tək fiziki mövcudluq deyil, onun mənəvi aləmi də yaradıcıdır.
2) Canlının fövqündə dayanan real-təbii varlıq tərifi insana baxışda daha çox dərinlik tələb edir.
3) İnsanın xəyalları keçmişin təməli, bu günün təkan vericisi, gələcəyin müəllifidir.

Təxminən eyni tezisləri müdafiə edən həyat fəlsəfəsinin ardıcılları xəyal və röyaların gücünü bütün estetik inikasa sıçratdı. Xəyalların fiziki inikası özünü müxtəlif sahələrdə yetgin formada göstərməyə başladı. Canlı örnəkləri bu günlə tam-tamına uyğunluq təşkil edir.

1) Elmdə xəyal gücünün önəmə alınmağı nəticəsində bilginin sərhədləri darmadağın edildi, fizikada Paskal öngörmələri, kimyada Mendeleyev yuxuları və Küri arzuları, tibb və anatomiyada təkamülçü biologiyanın xülya kimi dəyərləndirilən nəzəri əsaslarının praktiki əhəmiyyət kəsb etməsi laboritariya və təcrübi sahələrdə böyük yeniliklərə səbəb oldu.

2) Ədəbiyyat, incəsənət və estetikada xəyallar monoton lirik poeziya qatını tərk edərək 19-cu əsrin sonlarında rasional dəyişikliklər yaratdı. Şərqdə illüstrasiya və karikatura sənətində xəyali varlıqların təsviri, dadaizm və strukturalizmin yeni formasının rəssamlıqda tətbiqi, əvvəllər qeyri-ciddi sayılan notsuz hip-hop tərzi musiqi janrlarının formalaşması, ədəbiyyatda fəlsəfədən qopmalar xəyalın dividentini artırdı və yaradıcılıq tam fərqli qiyafəyə büründü.

3) Texnikada xəyal gücünün təsirləri əvvəlcə sadə mexanizmli mühəndis qurğularına, sonralar isə təkmilləşmiş mühərriklərə, hesablama sistemlərinə, kompüter erasının başlanğıcına səbəb oldu, sosial şəbəkələr insan həyatının cəmiyyətlə əlaqəsində real ünsiyyətdən daha lazımlı hala gəldi, filmlərdə elmi-fantastika gələcəyin elmi bazisini formalaşdırdı, 60 il öncə xəyaldan törəyən və gülməli, az inandırıcı görünən şeylər reallığa çevrilməyə başladı. Xəyalın psixoloji izahını bu misallar çox aydın izah edir.

Xəyal sadəcə mənəvi rahatlıq və özünü xoşbəxt hiss etmək vasitəsi olmayıb, fiziki inikasla əsaslı dəyişikliklərə səbəb ola biləcək hadisələrin proqnozlaşdırıcı alt qatıdır. Rassel xəyalların gerçəkliyə çevrilməsinin mümkünlüyünə inandığı üçün illər boyu öz həmfikirləri tərəfindən tənqid atəşinə tutulurdu. Heç kim inana bilmirdi ki, necə olur, Rassel kimi aqnostik fəlsəfə adamı xəyalları önəmli sayır?

Rasel bu iradlara ağıllı formada cavab verərək xəyalın ikili mahiyyətini izah edir: Xəyal proqnozlaşdırmadır. Çünki miqyasından asılı olmayaraq istənilən xəyal gələcəyin elmi-fəlsəfi, naturalist izahının öncədən dəyərləndirilməsinə xidmət edir. Sadəcə, burada xəyalın gerçəkləşmə payı önəmlidir. Tutaq ki, ən sadə formada belə izah edək, Supermen obrazı reallıqla uyuşması dərin sual yaradan xarakterə malikdir, baxmayaraq ki, kosmoqonik determinizm və səma aqnostikləri hələ də dünyadışı varlıqların mövcud ola biləcəyinə inanırlar. Amma 1920-ci illərdə çəkilən insanın robotlaşmış xəyali versiyalarının gerçək prototipi bu günki Silikon vadisi, Tokio araşdırma institutları və robottexnika mühəndisliyidir. Digər bir sadə misal kimi qeyd edim ki, yaxın 8 ilə qədər heç kim internet jurnalistikasının yazılı çap mediasını üstələyəcəyini düşünməzdi.

Xəyalın reallıq ölçüsü var, o, sadəcə insanın bişüuri istək və hedonist arzularının cəmindən ibarət deyil. İdealist Mark Avreli yazırdı, insanın həyatı onun xəyallarının rənginə boyanıb. Baxmayın, bizim cəmiyyətdə neqativ bir xəyalpərəstlik izahı var. Təbii ki, insan heç bir zaman həqiqət məğzindən qaçmamalıdır, xəyalın aludəçisi olmaq sonunda Haydegger dəliliyi, yaxud Ekzüperi çılğınlığı yarada bilər. Amma bir halda ki, Eynşteyn xəyalın mərkəzində həyat və yaşamaq instinktini görür, onda, nə qədər yanlış təsəvvürlərim əsirinə çevrilən bir toplumla üz-üzə qaldığımızın fərqinə daha çılpaq vararıq.

Bilik xəyalın möhkəmliyi ilə əlaqədardır, Platon dialoqlarını diqqətlə araşdıranda bunun canlı şahidi ola bilərik, ona görə də, Eynşteyn xəyalın gücünü bilikdən daha əsas sayırdı. Xəyalı konkret öyrənən bir elm sahəsi yoxdur, sadəcə parapsixologiya xəyalın beyin hadisəsi olmaqdan daha çox şüur altı proses olmağını izah edir, yatmadan öncə şüuraltı düşündüyümüz xəyallar yuxu prosesinə çevrilir, bu baxımdan yuxu yozmaları və sair tip şeylər də öz əhəmiyyətini tamamilə itirir.

Kvant fəlsəfəsi yalnız Kvant fizikasını biçimləndirmir, həmçinin xəyal dünyasının daxili anlamını öyrənməyə cəhdlər edir. Kvant mexanikasında insanın daim qavradığı ətraf aləmin olduğunu, bunlara bağlılığın təbii, lakin aşırı aludənin xəyalın məhviylə nəticələnə biləcəyini vurğulayır. Əslində, anlatılmaq istənən budur, xəyal qurmaqdan qaçmaq doğru deyil və beyin neyronlarının təkamülü yalnız düşüncədən yox, onu xəyallarla bəzəməkdən də asılıdır. Xəyalın məkanı yoxdur, onun konkret qütbləri və dayanma istinadgahı da bilinmir.

Xəyal qurmağa aid ən gözəl iş doktor Tomasın yazdığı “Freydlə xəyali bir dialoq” kitabıdır. Belə ki, silsilə kimi nəzərdə tutulan kitabın bu hissəsində yazar məqsədini ortaya qoyur. Fikir tarixini kökündən dəyişən dahilər indiki dönəmdə yaşasaydı, onlarla nələrdən danışardıq?... Kitabdakı bütün dialoqlar fantaziyanın məhsuludur, cavablar da həmin adamların cavabları deyil, lakin xəyaldan qaynaqlanaraq həmin düşüncə sahiblərinin mövqeləri izah olunur. Freyd, Pikasso, Şekspir xəyali bir müxbirə tamamilə uydurma cavablar verərək, özlərini tanıdırlar. Xəyalın bədii ifadəsinə ən yaxşı örnəkdir.

Den Braun yaradıcılığını bəzən çox mifik və kütləyə ünvanlı olduğu üçün tənqidçilər bəyənmirlər, dünyada kitabları ən çox satılan 10 yazar arasında olmağına rəğmən. Onun “Lost Symbol” əsərini oxuyanlar orada Noetik bilgilər adlı anlayışa rast gəlir. Nəzərə alanda ki, Den Braun nə qədər uydurmalar və söz oyunlarından bol yaradıcılığa malik olsa da, real və tarixi hadisələrin də gedişatından bəhs edib, o zaman anlayış daha çox diqqətimi çəkdi. Noetik təlim daşıyıcıları əslində fizikada, biologiyada, tibbdə oturuşmuş kult isimlərdən ibarətdir. Onlar insanın zehin və xəyal aləminin tandeminə inanır və fiziki dəyişikliklərin bu tandemdən törəyə biləcəyini deyirlər.

Xəyallar röyaların nüvəsi kimi qiymətləndirilir, yeni bir sual elmi kuluarları silkələyir, insan əslində beyin hüceyrələri vasitəsilə yuxuda da özünü nəzarət altına ala bilərmi? Röya içində röya deyə biləcəyimiz şeyi hamımız yaşayırıq, bəzən yuxu içində yuxular görürük, məshur “İnception” filmini izləsəniz, nə demək istədiyimi daha yaxşı anlayacaqsız. Deməli, xəyal ani və şairanə bir anlayış olmaqdan çıxaraq, hələ tam öyrənilməmiş və gələcəkdə böyük sürprizlər ortaya çıxara biləcək anlayışdır.

İnsanın xəyallar aləminin reallığa çevrilməyinə tələsən Şərq sufizm fəlsəfəsi ideal insan, Qərp panteizmi ideal cəmiyyət, utopist nəzəriyyəçilər isə ideal dövlət və hökmdar mövzularından bəhs etməyə başladı. Kissincer ideal idarə etmə axtarışında olanları çox sadəlövh sayırdı, fransız maarifçisi Lafayet də siyasətin olduğu hər yerdə ideallıq arayışını boş məşğuliyyət adlandırırdı. İdeal olan hər yer ancaq xəyaldadır, xəyalın fiziki mahiyyəti mümkün ola biləcək futiristikadırsa, ideallıq axtarışları daha az rasional düşüncənin qaynağıdır.

Con Stüart Mill xəyalların məhsulu olan ideal bir dövlətin daim yarana biləcəyinə inandı, o və Con Lokk inanrdı ki, azadlığın olduğu hər idarəedici mexanizm ideal dövlətin kiçik bir pilləsidir. Robert Oven və pozitiv solçuların bir çoxu isə daha çox iqtisadi liberalizmi ifadə edən bu yanaşmaları inkar edərək ideal siyasi düzənin kökündə mütləq bərabərliyin dayandığını söyləyirdilər. Marks da “ideal olanın anası bərabərlikdir” deyirdi. Eduard Bernştayn ideal dövlətin təməlində ədalətin dayandığını iddia edirdi. Baxmayaraq ki, Sokrat heç vaxt ideal dövlətdən bəhs etmirdi, Bernştayn onun ədalətlə bağlı söylədiklərini konsepsiya halına gətirərək, öz fikirlərini yayırdı.

Bernştayn həm solçuların, həm də liberalların dediklərini birləşdirdi, ədalətin oluğu hər yerdə həm özgürlüyün, həm bərabərliyin var ola biləcəyinə inandı, ilk başlarda fikirləri çox mənasız sayılırdı, çıxışlarına yer verilmirdi, hətta situaisya o qədər qəribə olmuşdu ki, onun ideal axtarışları birinci öz həmkarları tərəfindən qeyri-ciddi qarşılanaraq qəbul edilməmiş və sayısız əleyhdar kütləsi toplamışdı. Seint Simon ideallığı xəyallarla gerçəklik arasında bir qapı sayırdı, nə qədər yad kimi gəlsə də, bildirmək istəyirəm, Makiavellinin ədalətli hökmdar və güclü dövlət yanaşmaları da bir filosof xəyalı idi, sonraar bir çox ölkə rəhbəri ya açıq formada, ya da müxtəlif səpgilərdə Makiavellist olduqlarını vurğuladılar.

Beləliklə, bütün bu ekskursiya sadəcə olaraq xəyalın mahiyyətini açıb göstərmir, yəqin edirik, bizim üçün bəsit, birqatlı bir hadisə və proses kimi səciyyələnən xəyallar əslində kainatın gələcəyinə yön verir, axı, 21-ci əsrin insana baxışı həm də onun sosial, bioloji, kültürəl, etik varlıq olmaqdan ziyadə, kosmik varlıq olduğunu göstərir bizə.

Xəyal qurmaq beyini düşündüyümüzdən də çox möhkəmləndirir...


Teqlər:





Xəbər lenti