236 məktəbdə məktəbəhazırlıq qrupları olacaq

236 məktəbdə məktəbəhazırlıq qrupları olacaq
  27 İyul 2017    Oxunub:3052
2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən xəbərə görə, məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha intellektual və peşəkar ibtidai sinif müəllimləri seçilib. Onlar üçün təlim kursları təşkil olunur. Təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılır.

2017-2018- ci tədris ilindən məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların ümumi sayı daha 10 faiz artırılaraq 65 faizə çatdırılacaq. Paytaxtın mərkəzi ərazilərində uşaqların məktəbəhazırlığa cəlb olunma səviyyəsinin daha yüksək olduğunu nəzərə alaraq BŞTİ müvafiq
artımın Bakı şəhərinin ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələri hesabına həyata keçirilməsini nəzərdə tutur. Çünki aparılan araşdırmalar Bakının mərkəzi hissələrində yerləşən məktəblərə nisbətən ətraf qəsəbələrin ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarındakı uşaqların sayının az olduğunu göstərir. Həmin məktəblərdəki məktəbəhazırlıq qruplarında uşaqların sayını artırmaqla onların I sinfə daha hazırlıqlı getməsi təmin olunacaq. Bununla da, müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsinə zəmin yaranacaq.

Ölkə üzrə ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada aparılacaq. Bu proses sentyabrın 18-dək elektron sistemdə ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil   Bakı  





Xəbər lenti