Casusluq edən heyvanlar

Casusluq edən heyvanlar
  12 Sentyabr 2013    Oxunub:1964
Misir rəsmiləri ötən həftə Qahirədə “casusluq” etməkdə şübhəli bilinən hacıleyləyi tutublarmış.
BBC-dən Mohamed Madinin qeyd etdiyi kimi Qahirədə baş vermiş olaya bənzər hadisələr barədə xəbərlərə əvvəllərdə rast gəlmək olardı.


2011-ci ildə Səüdiyyə rəsmiləri yüksəklikdə uçan qrifin İsrailin Mossad kəşfiyyatı tərəfindən ölkəyə göndərildiyini zənn edərək yartıcı quşu tutmuşdular.

Mohamed Madi eləcə də yazır kı, 2010-ci ildə Qırmızı Dəniz sahillərində yerləşən Misirin Sharm el-Sheikh kurortu bir dəstə köpəkbalığının hücumuna məruz qalmışdı. Yerli TV kanallardan biri, deyildiyinə görə, güya o zaman iddia edibmiş ki, həmin köpəkbalıqları GPS avadanlığı vasitəsilə İsrail tərəfindən idarə olunub, bu əməliyyatın məqsədi isə Misirin turizm industriyasını dağıtmaq olubmuş.

2007-ci ildə Qərbdə nəşr olunan sarı mətbuat güya İranda nüvə obyekti yaxınlığında 14 dələnin tutulduğunu bildirmişdilər. Həmin tabloidlər xəbəri İRNA agentliyindən götürdüklərini qeyd etsələrdə, İRNA agentliyinin internet arxivində buna bənzər xəbərin izi-tozu belə yoxdur.

Lakin heyvanların xidmətindən hərbiyyədə və casusluq işində istifadə olunması xəbərlərin heç də hamısı zarafat deyil.
Heyvanlardan hərbiyyədə 1908-ci ildən istifadə edilir. Həmin ildə Almaniyada ilk dəfə olaraq havadan foto çəkiliş aparmaq üçün bədəninə kamera bərkidilmiş göyərçinlərdən istifadə edilmişdi.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Vaşinqtonda Sovet səfirliyinin gizli dinlənilməsini təşkil etmək üçün üstündə casusluq avadanlığı quraşdırılmış pişikdən istifadə etmişdi.

ABŞ və Rusiya delfinlərdən hərbiyyədə istifadə edilməsini rəsmən təsdiqləyiblər.

"Operation Acoustic Kitty" adı verilmiş həmin pişik məxfi əməliyyatın elə ilk günündəcə, səfirlik binası qarşısında gəzişərkən küçə ilə şütüyən maşın altına düşmüşdü. Beləcə, əməliyyatın hazırlanmasına sərf olunmuş $14m pul da batmışdır.

Uğursuzluğa düçar olmuş digər bir layihədə isə yarasalardan istifadə olunması nəzərdə tutulmuşdu. Bu proqram ABŞ-da ikinci dünya müharibəsi dövründə Yaponiyaya qarşı tətbiq edilmək üçün hazırlanmışdı. Üstlərinə miniatür yandırıcı bombalar bağlanmış yarasalar Yaponiya üzərində təyyarədən havaya buraxılırmış.

O zaman evlərin əksəriyyətinin ağacdan qurulması nəzərə alınmaqla, güman edilirdi ki, üstündə bomba gəzdirən yarasa partlayış baş verənədək evin damına qonacaq. Lakin son nəticədə ABŞ Yaponiyaya qarşı atom bombası işlətdi.

Nisbətən daha uğurlu layihə delfin və suitlərin xidmətindən istifadə ilə bağlı olub. ABŞ və Rusiya delfinlərdən hərbiyyədə istifadə edilməsini rəsmən təsdiqləyiblər.

Delfin və suitlərindən sualtı minaların aşkar edilməsində və düşmən tərəfi üzgüçülərinin dənizdə zərərsizləşdirilməsi işində istifadə olunub.
Lakin bu dəniz heyvanlarına da sonadək bel bağlamaq mümükün olmur, çünki gənc əsgərlər kimi, delfinlər də bəzən xidmətdən yayınaraq dənizdə icazəsiz sərbəst üzməyə üstünlük verir.

AzVision.az


Teqlər:





Xəbər lenti