Saakaşvilinin Azərbaycanda çevriliş iddiasına MÜNASİBƏT

Saakaşvilinin Azərbaycanda çevriliş iddiasına   MÜNASİBƏT
  01 Mart 2013    Oxunub:1432
“Azərbaycan üçüncü qüvvənin hakimiyyətə müdaxiləsinə imkan verəcək qədər zəif ölkə deyil”
Azərbaycana səfərini başa vuran Gürcüstan prezidenti Mixail Saakaşvilinin Tiflis aeroportunda jurnalistlərə verdiyi açıqlama ölkəmizdə qızğın müzakirələrə səbəb olub. Mixail Saakaşvilinin sözlərinə görə, Gürcüstan və Azərbaycan Rusiyadan qaynaqlanan real qeyri-stabillik təhlükəsi ilə üz-üzədir. Prezident açıqlmasında Azərbaycanda Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlandığını bildirib:“Rusiya Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir və böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşır”.

“Azərbaycanda hakimiyyətin müəyyənləşməsində kənardan heç bir təsir ola bilməz”

Mixail Saakaşvilinin fikirlərinə münasibət bildirən YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlının sözlərinə görə, Saakaşvilinin dedikləri şəxsi mühakimədir. Belə ki, Azərbaycanda hakimiyyətin müəyyənləşməsində kənardan heç bir təsir ola bilməz. Millət vəkili bildirib ki, Azərbaycan üçüncü bir ölkənin gəlib burada hakimiyyət məsələsinə müdaxilə etməyinə imkan verəcək qədər zəif ölkə deyil: “Azərbaycanda hakimiyyət dəyişikliyinə cəhdlər əvvəllər də olub. O zaman Azərbaycan xarici dairələrin əli ilə həyata keçirilən çevrilişlərin qarşısını ala bilibsə, bu gün də hansısa müdaxilənin qarşısını ala bilər. Belə bir cəhd olsa belə, bunu həyata keçirməyə çalışanlar iflasa uğrayacaq”.

“Ölkəmizdə uzlaşma yaradılmasa, çox çətin olacaq”

Böyük Quruluş Partiyasının sədri , millət vəkili Fazil Mustafa isə AzVision.az-a açıqlamasında söyləyib ki, Rusiyanın Azərbaycanda təhlükəli planlarının qarşısını almağın yeganə yolu ölkədə bir dialoq mühiti yaratmaqdır: “Hazırda ölkədə bəzi təhlükəli proseslər gedir. Ancaq təəssüf ki, hakimiyyət dialoq mühiti yaratmağa meyl göstərmir. Ona görə də, Azərbaycanda belə proseslərin getməsi ölkə üçün təhlükə yarada bilər. Rusiyanın bu planından hamı xəbərdardır, Azərbaycan da bilir, Gürcüstan da. Ancaq bizdə təhlükənin qarşısını almaq üçün seçilən yollar uğurlu deyil. Məhz buna görə də, Rusiya ölkəmizdə bu planı həyata keçirməyə çalışacaq və müəyyən dərəcədə gücü də çatacaq. Daxildə bir uzlaşma variantına gedilməsə, çox çətin olacaq”.

Millət vəkili vurğulayıb ki, Rusiya istənilən halda Azərbaycana dair planlarını yürütməyə çalışacaq: “Hakimiyyət daxildə bütün siyasi qüvvələrlə bir uzlaşma yaratmalıdır. Demokratiya yolunda müəyyən addımlar atılmalı, biznes mühiti yumşaldılmalıdır ki, iş adamlarının bu prosesə cəlb olunması baş verməsin. Çünki hamı narazı olanda onun qarşısını almaq da çətin olur. Çünki təkcə qorxuyla, polis zoruyla bu etmək olmaz”.

“Milyarderlər İttifaqı buradakı siyası proseslərdə iştirak edərək Rusiyanın təsir dairəsini əldə saxlayacaqlar”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə sözügedən açıqlamaya fikir bildirərkən qarşıdan gələn prezident seçkilərinin gərgin keçəcəyini qeyd edib: “Bunun əsas səbəblərindən biri Rusiyanın bölgədə prosesləri öz nəzarəti altına almaq cəhdidir. Gürcüstan da bilir ki, Bidzina İvanişvili Rusiyanın dəstəyi ilə seçilib. Bu gün Qərbin və demokratiyanın təsisçisi olan Saakaşviliyə qarşı çox güclü mübarizə gedir. Ermənistan onsuz da Rusiyanın təsiri altındadır və Sərkisyanın saxta yollarla hakimiyyətdə qalması bu təsiri açıq-aşkar göstərir. Bir qalır Gürcüstan...”

Partiya sədri bildirib ki, nəzəri olaraq Rusiyanın Ermənistan və Gürcüstanda apardığı siyasəti Azərbaycanda tətbiq etsək, Rusiyanın Azərbaycanda da müəyyən proyektlər hazırladığını bilərik: “Milyarderlər İttifaqı yaranarkən bizim partiya bu Rusiyanın Azərbaycanda siyasi hadisələrə təsir etmək üçün bir mexanizm olduğuna dair bəyanat vermişdi. Biz zaman-zaman bu birliyin əleyhinə bəyanatlar da vermişik. Saakaşvilinin söylədikləri bizim daha öncə dediklərimizi təsdiq etdi. Milyarderlər İttifaqında daxil olan şəxslər Azərbaycanda gedən siyasi proseslərdə iştirak edərək Rusiyanın buradakı təsir dairəsini yenidən əldə saxlamağa cəhd edəcəklər”.

Sevinc Fədai



Teqlər:  





Xəbər lenti