Avropa silah alışı fondu yaradacaq

   Avropa silah alışı fondu yaradacaq
  07 Aprel 2025    Oxunub:371
Avropa İttifaqına üzv olan ölkələrin Maliyyə nazirləri birgə hökumətlərarası Avropa Müdafiə Fondunun (EDM) yaradılmasını müzakirə edəcəklər.
AzVision.az “Reuters” agentliyinə istinadən bildirir ki, EDM-nin silahlar alacağı, ondan istifadəyə görə iştirakçılardan ödəniş alacağı və kreditlər verəcəyi planlaşdırılır. Eyni zamanda, Aİ-yə üzv olmayan ölkələr - məsələn, Böyük Britaniya, Ukrayna və Norveç də EDM-ə qoşula biləcəklər.

“Layihə Rusiyanın mümkün hücumuna hazırlığın necə maliyyələşdiriləcəyi ilə bağlı müzakirələrin bir hissəsidir, çünki Avropa artıq təhlükəsizlik üçün tamamilə ABŞ-yə arxalana bilməyəcəyini dərk edir. Fond dövlət borcunun səviyyəsini artırmadan müdafiə üçün əhəmiyyətli vəsait cəlb etməyə imkan verəcək ki, bu da bir çox ölkələr üçün həssas məsələdir”, - agentlik yazır.

Diqqət hazırda əsasən ABŞ-nin təmin etdiyi bahalı strateji hərbi infrastruktur və avadanlıqlara yetiriləcək. Buraya birgə komandanlıq və idarəetmə sistemləri, peyk kəşfiyyatı və rabitə, beşinci və ya altıncı nəsil qırıcılar, hava hücumundan müdafiə (HHM) və nüvə təhdidinin qarşısının alınması məsələləri daxildir.

- Avropanın müdafiə sənayesini stimullaşdırmaq üçün EDM fonda üzv ölkələrdən olan podratçılardan silah alacaq. Bu, 2030-cu ilə qədər regionun ABŞ-dən asılılığını azaltmalıdır. 2020-2024-cü illərdə ABŞ-nin Aİ-yə silah idxalının payı ümumi həcmin 64%-ni təşkil edib. Fond iştirakçılarına kredit verilərkən standart və subsidiya dərəcələri tətbiq olunacaq” , - məlumatda bildirilir.

Rusiya Aİ-ni təşvişə salıb- "Politico" "Ağ kitab"dan yazdı
EDM-in kreditlərində subsidiya dərəcəsinin Rusiya və ya Belarusla həmsərhəd olan, yüksək səviyyəli milli hərbi xərclərə və ya digər itkilərə məruz qalan “cəbhə xəttindəki” dövlətlərə şamil olunacağı güman edilir.

Fondun yaradılması ideyası hazırda Aİ-yə sədrlik edən Polşaya məxsusdur. Onun sifarişi ilə Avropanın analitik mərkəzi “Bruegel” layihənin təsvirini hazırlayıb. Sənəd aprelin 12-də Varşavada müzakirə olunacaq.

Avropa Müdafiə Agentliyinin məlumatına görə, 2024-cü ildə Aİ-nin müdafiə xərcləri 326 milyard avro və ya birliyin ÜDM-nin 1,9%-ni təşkil edib. Növbəti dörd il ərzində xərclərin artırılması planlaşdırılır. Martın əvvəlində Aİ ölkələri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin təqdim etdiyi 800 milyard avro dəyərində Avropanın yenidən silahlanması planını (Rearm Europe) təsdiqlədi. Təşəbbüsü həyata keçirmək üçün Aİ-nin müdafiəsinə dair Ağ Kitab yaradılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     EDM  





Xəbər lenti