Yaxın Şərqdə yeni müharibə təhlükəsi - İranı okeandan vuracaqlar

   Yaxın Şərqdə yeni müharibə təhlükəsi    - İranı okeandan vuracaqlar
  07 Aprel 2025    Oxunub:390
ABŞ-nin “USS Carl Vinson” təyyarədaşıyan gəmisi Malakka boğazını keçərək İrana doğru hərəkət edib. Gəmi artıq Hind okeanına daxil olub.
Bu fikirlər "Newsweek"də dərc olunan məqalədəndir. Nəşr peykdən aparılan müşahidələrə dair məlumatlara istinad edib.
Məqalədə qeyd edilib ki, əvvəllər Sakit okeanın qərb hissəsində xidmət aparmış "USS Carl Vinson" gəmisi indi Yaxın Şərqdə yerləşən "USS Harry S. Truman" gəmisinə qoşulmaq üçün Hind okeanına doğru hərəkət edir.

İranpərəst qüvvələr Trampdan çəkindilər
Bundan əvvəl ABŞ-nin Hind okeanındakı Dieqo Qarsiya hərbi bazasına bir neçə “Northrop B-2 Spirit” stels bombardmançıları yerləşdirməsi barədə məlumatlar yayılmışdı. Qeyd olunub ki, bu təyyarələr İran ərazisindəki bunkerləri və yeraltı nüvə obyektlərini məhv etmək üçün nəzərdə tutulmuş silahları daşıya bilir.

Məsələyə reaksiya verən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib ki, ölkəsinə qarşı hər hansı xarici təcavüz Silahlı Qüvvələrin sərt cavabı ilə nəticələnəcək.
Aprelin 6-da isə İranın ali dini lideri Ayətullah Əli Xamenei silahlı qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair göstəriş verib. Qərar ABŞ-nin mümkün hücumu ilə bağlı fərziyyələr fonunda qəbul edilib.

"Reuters" də oxşar mövzuda diqqət çəkən məqalə dərc edib. Qeyd edilib ki, rəsmi Tehran diplomatik kanallarla İraqa, Küveytə, Birləşmiş Ərəb Əmirliklərinə, Qətərə, Bəhreynə və Türkiyəyə bildirib ki, əgər onlar öz ərazilərindən ABŞ-nin İrana zərbə endirməsi üçün istifadə etməsinə icazə versələr, buna düşmənçilik aktı kimi yanaşaraq, hərbi yolla cavab qaytaracaq.

İranın yüksək çinli məmuru bu addımın həmin ölkələr üçün ciddi nəticələr verəcəyini deyib. İran rəsmisi də artıq ali dini rəhbər Ayətullah Xameneyinin ölkənin hərbi qüvvələrini tam hazır vəziyyətə gətirdiyini xatırladıb.

Britaniyanın “The Telegraph” qəzeti isə bir neçə gün öncə yazmışdı ki, Ağ Ev mümkün hücumlara görə sərt cavabla qarşılaşa bilər: "İran ABŞ-ın təcavüzü halında Hind okeanındakı Dieqo Qarsiya hərbi bazasına hücum etməyə hazırdır".

Qeyd edək ki, Dieqo Qarsiya adasında 1973-cü ildən ABŞ-nin aktiv hərbi bazası yerləşir. Ada əvvəlcə Fransaya, sonra isə Böyük Britaniyaya məxsus olub.

Xatırladaq ki, ABŞ-İran münasibətləri son bir ayda daha da gərginləşib. Martın 15-də ABŞ ordusu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı genişmiqyaslı əməliyyata başlamışdı. Hava hücumları ABŞ prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Tramp   Gəmi  





Xəbər lenti