Amerikalılar Ukraynada sülh şansını qiymətləndiriblər

Amerikalılar Ukraynada sülh şansını qiymətləndiriblər
  08 Aprel 2025    Oxunub:735
Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanma ehtimalı təxminən 70%-ə bərabərdir.
AzVision.az xəbər verir ki, “Goldman Sachs” investisiya bankının analitik arayışına istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl bu ehtimal 50% təşkil edirdi. O vaxtdan bəri proqnoz 20 faiz artıb ki, bu da maliyyə bazarlarının davranışında özünü göstərir. Bununla belə, bu rəqəm hələ də fevral zirvəsindən – 76%-dən aşağıdır”, - məlumatda deyilir.

Yeri gəlmişkən, fevral ayında Ukraynada sülh şansını 70% təxmin edən “JPMorgan” şirkətinin analitikləri, öz növbəsində, mümkün razılaşmanın Avropada qaz qiymətlərinin aşağı düşməsinə imkan yaradacığını vurğulayıblar. Onlar sülhdən Macarıstan və Türkiyənin ən çox qazanc götürəcəyini proqnozlaşdırırlar, çünki bu ölkələr Rusiya qazını məhdudiyyətsiz almağa davam edə biləcəklər.

Qeyd edək ki, belə qiymətləndirmələr ABŞ və Rusiya prezidentləri arasında iki telefon danışığı fonunda meydana çıxıb. Martın 18-də keçirilən ikinci söhbətdən sonra Kreml 30 gün müddətində Ukraynanın enerji infrastrukturuna hücumlardan müvəqqəti çəkinməyə hazır olduğunu açıqlayıb.

Lakin Tramp hücumların hələ də davam etdiyini bildirib: “Biz Rusiya ilə danışırıq. Onların zərbələri dayandırmasını istərdik”.

Moskva, öz növbəsində, atəşkəs rejimini dəstəklədiyini iddia edir, lakin əvvəlcə “Ukraynanın demilitarizasiyası” da daxil olmaqla bir sıra məsələlərin həllini zəruri sayır.

- Biz sülh yolu ilə həllin tərəfdarıyıq, lakin Rusiyanın hesabına yox”, - Rusiya prezidenti Vladimir Putin vurğulayıb.

Putinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə açıqlamasında Rusiyanın öz maraqlarını nəzərə almaqda israrlı olduğunu diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: amerikalılar   Ukrayna   sülh  





Xəbər lenti