Xanlar Hacıyev ASAN-da

 Xanlar Hacıyev ASAN-da
  01 Mart 2013    Oxunub:3792
Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yeni fəaliyyətə başlayan 1 nömrəli “ASAN Xidmət” mərkəzində olub.
Xidmətin fəaliyyətə başlamasını müsbət dəyərləndirdiyini deyən Xanlar Hacıyev : “Strasburqda olanda oxumuşdum ki, belə bir mərkəz fəaliyyətə başlayıb. Düşünürdüm ki, Bakıya gedəndə xidmətin fəaliyyəti ilə tanış olacağam. Bu çox vacib bir addımdır. “ASAN xidmət” mərkəzi qarşısına vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha keyfiyyətli, yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərmək məqsədi qoyub. Bu, proseslərə insanların müdaxiləsini azalıdır, aradan qaldırır. Ən əsası isə bu, korrupsiya əleyhinə olan proqramın vacib hissəsidir. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun “ASAN Xidmət” ilə əlaqədar müsahibəsini oxudum. Şöbə müdiri bildirmişdi ki, belə mərkəzlərin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. Hesab edirəm ki, bu kimi addımların sayı nə qədər çox olsa, o qədər yaxşıdır”.

X. Hacıyev qeyd edib ki, operativlik, etik davranış, rahatlıq və şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərən xidmət uğur qazanacaq: “Mənə bildirdilər ki, “ASAN Xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 23 xidmət göstərilir. Bundan başqa, Bakının bir sıra rayonunda və regionlarda analoji mərkəzlərin açılması gözlənilir. “ASAN Xidmət” mərkəzinin tabe olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərini də tanıyıram. İnam Kərimov Fransada təhsil alıb, çox yaxşı kadrdır. İnanıram ki, onun rəhbərliyi altında görülən işlər səmərəli olacaq. Təbii ki, bütün problemlərin birdən-birə, yaxın zamanlarda həll olunması mümkün deyil. Dəyişikliyə nail olmaq üçün hər kəs özündən başlamalıdır. İnsanların hər gün rastlaşdıqları problemlərin həlli həm də cəmiyyətin inkişafından, onun mədəni səviyyəsindən asılıdır. Bütün problemlərin həlli üçün çox iş görmək lazımdır. “ASAN” kimi xidmətlər problemsiz, gözəl gələcəyi yaxınlaşdıracaq bir adımdır”.



Teqlər:  





Xəbər lenti