Prokurorluq əlillərin pulunu yeyənlərin işinə baxdı

Prokurorluq əlillərin pulunu yeyənlərin işinə baxdı
  01 Mart 2013    Oxunub:1380
Cinayət işlərinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Ələsgər Səfərli 17 aprel 2012-ci il tarixdə Şəmkir rayonunun Seyfəli kənd sakininə 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün sonuncunun qardaşı Mübariz Məmmədovdan 500 manat məbləğində pulu xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanmış və Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 312.1-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb.

Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Ələsgər Səfərli ömürlük əlillik dərəcəsinin təyin edilməsi müqabilində rayon sakinləri Cahangir Kərimov, Qələndər Əliyev və Zakir Şıxıyevdən də müvafiq olaraq 100, 90 və 200 manat məbləğində pulu xidməti otağında rüşvət kimi alınıb.

Ə.Səfərli Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Mübariz Məmmədov, Cahangir Kərimov, Qələndər Əliyev, Zakir Şıxıyev isə Cinayət Məcəlləsinin 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Mübariz Məmmədovun barəsində polisin nəzarəti altına vermə, Cahangir Kərimov, Qələndər Əliyev və Zakir Şıxıyevin barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri olan cinayət işinin istintaqı aparılıb.

İstintaqla müəyyən edilib ki, qəzetin təsisçisi Şirin Cəfəri vergi ödəyicisi kimi qəzetin nəşri və satışını həyata keçirərkən vergi qanunvericiliyinin tələblərinə əsasən, vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etməli və vergi öhdəliklərini yerinə yetirməli olduğu halda, həmin tələbləri pozaraq 2009-2011-ci illər üçün sadələşdirilmiş vergi 3.316 manat olduğu halda, həmin dövr üçün vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə yalan məlumatlar daxil edərək sadələşdirilmiş vergini 82 manat, yəni 3.234 manat az göstərmişdir. Bundan başqa, 2009-cu ildə gəlir vergisi 25 min 900 manat, 2010-cu ildə isə 42 min 344 manat olmaqla, cəmi 68 min 244 manat olmasına baxmayaraq həmin illərdə gəlir vergisi ilə bağlı vergi orqanlarına bəyannamə təqdim etməmiş və beləliklə ümumilikdə 71 min 478 manat məbləğində külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Şirin Cəfəri Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə göndərilib.


Teqlər:  





Xəbər lenti