“Qəbul imtahanları 2 hissədən ibarət olacaq” - Məleykə Abbaszadə

“Qəbul imtahanları 2 hissədən ibarət olacaq” - Məleykə Abbaszadə
  28 Sentyabr 2017    Oxunub:10459
“Son 20 il ərzində kütləvi imtahanlarda yalnız qapalı testdən istifadə edilirdi. Son 10 ildə isə hər bir fənn blokunda 1-2 açıq tipli sualdan başlayaraq, bu il hər bir fəndən 5 olmaqla açıq tipli test suallarından istifadə edilib. 2019-cu ildə tətbiq ediləcək yeni imtahanlarda belə sualların sayı daha da çox olacaq”.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. DİM rəhbəri bildirib ki, buraxılış imtahanları 3 fəndən - Ana dili, Riyaziyyat və Xarici dildən (ingilis, fransız, alman dili) olacaq.

“Bu suallarla yanaşı, imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək. Sualların sayı artırılanda Azərbaycan reallığını, imtahanın təhlükəsizliyinin təmin olunmasını və digər məsələləri nəzərə almaq vacibdir”.

M.Abbaszadə qeyd edib ki, 2 ildən sonra ali məktəblərə qəbul imtahanları 2 hissədən ibarət olacaq: “Birinci mərhələdə buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar ikinci mərhələdə olan fənlərin üzərinə əlavə ediləcək. Ümumi qəbul birinci və ikinci hissənin ümumi nəticələrinə əsasən aparılacaq. Buraxılış imtahanlarında tətbiq edilən imtahan fənləri elan edilib. Qəbul imtahanlarında fənlərin sayı isə Təhsil Nazirliyi ilə birgə müzakirə edilib və ümumi razılığa gəlinib. Bununla bağlı tam model hazırdır. Sabah Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının iclası keçiriləcək və bu məsələyə baxacaq. Bu iclasda yekun razılıq əldə olunandan sonra ictimaiyyətə təqdim ediləcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti