Dünyanın ən gözəl ölüsü, yaxud, ölümün səlis məntiqi

Dünyanın ən gözəl ölüsü, yaxud, ölümün səlis məntiqi
  29 Sentyabr 2017    Oxunub:24176
Öz ölümünlə Vətənə xidmət etməyin yollarından birini Musa Yaqub göstərmişdi: “...Qoynunda qoy ölüm ki mən, çürüyən bir ovuc torpağın artsın”. Lütfi Zadə isə öz ölümü ilə Azərbaycanın təkcə torpağını bir ovuc çoxaltmadı, həm də ölkəni dünya şöhrətli bir alimin əbədi ünvanına çevirdi.
Lap səmimi danışsaq, belə bir alimin hətta qəbrinə ev sahibliyi etmək belə, istənilən ölkə üçün şərəflidir və görünür, Lütfi Zadə öz ölümü ilə Azərbaycana belə bir şərəf yaşatmaq istəyib.

Lütfi Zadə həyatını bəşəriyyətə xidmətə həsr etmişdi, amma ölümü ilə Azərbaycana xidmət göstərdi. Bəli, təəccüblənməyin: o miqyasda bir insanın həyatının son günlərində Azərbaycanda basdırılmağı vəsiyyət etməsinin özü də də ölkəyə bir növ xidmətdir.

Ölümünün yaxınlaşdığını hiss edəndə Lütfi Zadənin Azərbaycanda dəfn olunmağını vəsiyyət etməsi sosial şəbəkədə yersiz bir müzakirəyə səbəb olmuşdu. Bəziləri soruşurdular ki, axı bu məşhur alim sağlığında Azərbaycan üçün nə edib? Amma sual qoyulanda məsələnin bu tərəfi nəzərdən qaçırılırdı ki, o miqyasda insanlar konkret bir ölkə üçün yaşaya bilməzlər, amma konkret ölkə üçün ölə bilərlər.

Lütfi Zadə harada basdırılmaq haqqında vəsiyyətilə sübut etdi ki, onu bəsləyən, şərait yaradan, dünyaya tanıdan Amerika olsa da, özü heç vaxt amerikalı ola bilməyib, ruhən hər zaman azərbaycanlı qalıb. Təbii ki, ölən insanın özü üçün harada basdırılmağın heç bir fərqi yoxdur. “Ölməyə Vətən yaxşı” misalı yəqin, bunu nəzərdə tutur ki, Vətəndə sənin qəbrini ziyarət edən olacaq, qürbətdə isə yox. Bu mənada, Lütfi Zadənin qəbri üçün vətən Amerika olmalı idi. Çünki hansısa səbəbdən atasının dəfninə gələ bilməyən oğlu da daxil olmaqla, əksər qohumları, dostları, həmkarları, yaxınları məhz Amerikada yaşayırlar. Həyat yoldaşının qəbri oradadır və alim əvvəllər elə onun yanında basdırılmağı arzu edirmiş.

Bu mənada, onun qəbri üçün Azərbaycan Vətən yox, məhz Qürbət sayıla bilər. Amma Lütfi Zadə fikrini dəyişdi və qəbrinin Vətəndə olması üçün Qürbətdə basdırılmağı üstün tutdu. Belə bir qəribə paradoks var ortada. Nə etmək olar, görünür, qeyri-səlis məntiq nəhənginin ölümü məhz belə paradoksal da olmalı imiş.

Bəli, Lütfi Zadənin elmi dühası birbaşa Azərbaycana xidmət etməyib. Amma bu, onun günahı deyildi. Nəhəng alimin aktiv elmi fəaliyətlə məşğul olduğu 1960-cı, 70-ci, 80-ci illərdə Azərbaycan SSRİ-nin, yəni onun yaşayıb, işlədiyi ABŞ-ın düşməni olan bir ölkənin tərkibində idi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndə isə artıq zəifləmiş cismində bu ölkənin güclü ruhunu daşıyan 70 yaşlı ahıl bir amerikalı alim var idi dünyada. Onun Azərbaycan üçün edə biləcəyi ən böyük şey özünün Azərbaycanın bir zərrəsi olduğunu dünyaya göstərmək idi. Lütfi Zadə isə bunu təkcə ölənə qədər etmədi, həm də ölümü ilə etdi.

Onun elmi nəzəriyyələri sadə insanlar üçün çox qəliz, anlaşılmaz ola bilər. Amma hər kəsin çox asanlıqla anlaya biləcəyi bir dərs keçdi bizə Lütfi müəllim: Sən böyük mənada Dünyanın Vətəndaşı ola bilərsən, amma dünya sənin vətənin ola bilməz! Həyatın işinə bax: Qeyri-səlisi məntiqin ustadı ömrünü bu qədər səlis bir məntiqlə başa vurdu.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #Lütfi-Zadə  





Xəbər lenti