Əfqanıstanlı sevgililər Azərbaycanda qovuşdu

Əfqanıstanlı sevgililər Azərbaycanda qovuşdu
  02 Mart 2013    Oxunub:1671
Gənclərin nikahı Dövlət Miqrasiya Xidmətində kəsilib.
Qaçqın statusu almaq istəyən iki əfqanıstanlı gənc öz ailə səadətinə Azərbaycanda qovuşub.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, quruma qaçqın statusunun alınması ilə bağlı müraciət etmiş və Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində könüllü olaraq yerləşdirilib.
Əfqanıstan vətəndaşları-26 yaşlı Həmid Sabiri və 24 yaşlı Leyli Bəxşi ailə qurmaq istədiklərini, lakin maddi vəziyyətlərinin buna imkan vermədiklərini bildiriblər.
4 ildən artıq bir müddətdə bir-birini sevən əfqanlı gənclərin öz ölkələrini tərk etmələrinə səbəb onların ailə qurmaq istəyinin valideynləri tərəfindən etirazla qarşılanması olub. Gənclər razılığı olmadığı halda qızın ailəsi tərəfindən imkanlı, eləcə də ailəli şəxsə ərə verilməsi ilə barışmayıb və onlar Azərbaycana pənah gətiriblər.
Kürdəxanıda fəaliyyət göstərən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində gənclərin istəkləri nəzərə alınmaqla onlara kəbin mərasimi təşkil edilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul əməkdaşı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri, Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi, Azərbaycandakı Əfqan icmasının rəhbəri və digər şəxslər iştirak ediblər.
Kəbin mərasimində iştirak edən qonaqlar Dövlət Miqrasiya Xidməti tərəfindən atılmış bu addımı müsbət qiymətləndirib. Bunu Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də qaçqınların və onların ailə üzvlərinin hüquqlarının qorunmasının bariz nümunəsi kimi dəyərləndiriblər.


Teqlər:  





Xəbər lenti