Fərhad Əliyevin qardaşı: “İlham Əliyevi dəstəkləyirik”

Fərhad Əliyevin qardaşı: “İlham Əliyevi dəstəkləyirik”
  25 Sentyabr 2013    Oxunub:3238
Əlipənah Əliyev: Biz də prezident seçkisində İlham Əliyevi dəstəkləyirik. Ailəmiz də, özümüz də.
2005-ci ildə tutularaq azadlıqdan məhrum edilmiş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və biznesmen Rafiq Əliyevin qardaşı Əlipənah Əliyev “Media forum” saytının suallarını cavablandırıb.

- Qardaşlarınızın həbs olunmasından 8 ilə yaxın vaxt keçib. İndi həmin hadisələri təhlil edəndə onların həbsinə necə qiymət verirsiniz?

- O zaman da belə hesab edirdim, indi də deyirəm ki, mənim qardaşlarımı şərləyib tutdurublar.

- Kimlər edib bunu?

- Bilmirəm. Amma qardaşlarımın əməllərinə başımla cavabdehəm, bilirəm ki, qardaşlarım onlara qarşı sürülən ittihamlarda göstərilən əməllərin sahibi deyillər.

- Fərhad Əliyev bu illər ərzində bir neçə dəfə əfv ərizəsi yazıb, amma əfv olunmayıb. Sizcə, prezident onu niyə əfv etmir?

- Deyə bilmərəm. Amma ümid edirik ki, bu dəfə onun ərizəsinə müsbət cavab veriləcək. Bunu hər gün, hər saat gözləyirik.

- Fərhad Əliyev əvvəlcə prezident seçkisində İlham Əliyevi dəstəklədiyini bəyan etdi. Ardınca isə əfv ərizəsi yazdı...

- Yox, əfv ərizəsini bəyanatdan əvvəl yazmışdı. Rafiq də, o da. Sadəcə olaraq bu xəbər mətbuata gec çıxıb.

- Vaxtaşırı mətbuatda Fərhad Əliyevin hakimiyyət çevrilişi planında yer alması barədə yazılar gedir. Bu cür məlumatların yayılması nəyə xidmət edir?

- Ola bilər, hansısa mətbuat orqanı istəyir ki, çox oxunsun. Fərhad Əliyev tanınmış adamdır, yazıda onun adından istifadə edirlər ki, tiraj artsın. Bizim ölkədə əfv məsələsinə bir nəfər qərar verir, o da prezidentdir. Belə yazıların onun mövqeyinə təsir edəcəyinə inanmıram.

- Fərhad Əliyev prezident seçkisində dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Bu qərara ailəniz nə deyir?

- Biz də prezident seçkisində İlham Əliyevi dəstəkləyirik. Ailəmiz də, özümüz də. Biz İlham Əliyevi təkcə indi dəstəkləmirik, həmişə dəstəkləmişik və bundan sonra da belə olacaq. Əqidəmizi dəyişən adamlardan deyilik. Yaxınlarımız da, bizə rəğbət bəsləyənlər də, əminik ki, İlham Əliyevə səs verəcəklər.

- Professor Cəmil Həsənli Fərhad Əliyev həbs olunan zaman onun müdafiəsində fəal iştirak etmişdi. İndi isə o, Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədidir. Cəmil müəllimin namizədliyinin irəli sürülməsi sizi bir qədər çətin vəziyyətə salmadı ki?

- Yox, niyə çətin vəziyyətə salır? Hərənin öz mövqeyi var. Cəmil müəllim Fərhad Əliyevin müdafiə komitəsinə başçılıq edəndə situasiya başqa idi, indi başqadır. Bizim Cəmil müəllimlə mövqelərimizin fərqlənməsi normal haldır. Mövqelərimiz ayrı olduğuna görə də bu məsələdə fikirlərimiz üst-üstə düşmür.

- Qardaşlarınızla vaxtlı-vaxtında görüşə bilirsinizmi? Saxlanma şəraitləri necədir?

- Bəli, görüşlərimizə heç bir məhdudiyyət qoyulmur. Qanun çərçivəsində, vaxtaşırı görüşürük. Saxlanma şəraitləri də normaldır.


Teqlər:  





Xəbər lenti