Azərbaycan cüdoçuları yarışlara fasilə verdi

Azərbaycan cüdoçuları yarışlara fasilə verdi
  12 Oktyabr 2013    Oxunub:1402
Cüdo üzrə Azərbaycan yığması Rioda keçirilmiş dünya çempionatında uğurla çıxış edərək bir qızıl və bir bürünc mükafat qazandıqdan sonra yarışlara fasilə verməyi qərara alıb.
Azvsison.az “azerijudo.com” saytına istinadən xəbər verir ki, komanda Riyeka, Almatı və Daşkənddə keçirilmiş Qran-Pri yarışlarında iştirak etməyib və görünür, ilin sonunda keçiriləcək maraqlı turnirlərə bel bağlamaq qərarına gəlib.
Elxan Məmmədovun (100 kiloqram) birinci yeri, Orxan Səfərovun isə (60 kiloqram) üçüncü yeri tutduğu dünya çempionatı yəqin ki, məşqçi qərargahının planlarını bir qədər təshih edib. Digər tərəfdən, mundialı ötürmüş bir sıra cüdoçular təcrübə əldə edə bilməyiblər. Onların arasında Afina Olimpiadasının iştirakçısı, rəqabətdə hələ ki, Nicat Şıxəlizadədən geri qalan Tərlan Kərimov (66 kiloqram), habelə Abu-Dabidə keçirilmiş Qran-Pri yarışlarında bürünc mükafata layiq görülmüş Tural Səfquliyev (81 kiloqram) də vardır. Son vəziyyət narahatlıq doğurmaya bilməz, çünki 81 kiloqramadək çəki dərəcəsi bizim üçün problemli sayılır. Axı Avropa çempionatının və iki “World Masters” yarışının qalibi olmuş olimpiya çempionu Elnur Məmmədli yəqin ki, öz karyerasını başa çatdırmaq üzrədir. Aldığı zədələr onun əvvəlki səviyyəyə çıxmasına imkan vermir və adlı-sanlı idmançı hələ ki, kölgədə qalmaqdadır. Onun üçün çox uğursuz olmuş London oyunlarından sonra Elnur yalnız Düsseldorfda keçirilmiş Qran-Pri yarışlarında çıxış edib və elə ilk döyüşdə uduzub, dünya çempionatı ərəfəsində isə ayağından ciddi zədə alıb. O, hələ ki, öz əvvəlki uğurlarından çox uzaqdır, buna görə də ehtiyat məsələsi xüsusi aktuallıq kəsb edir.
Bundan əlavə, unutmaq olmaz ki, digər iri yarışlar kimi Qran-Pri turnirlərinin də reytinq dəyəri vardır. Deyək ki, dünya çempionu E.Məmmədov yarışlara azacıq fasilə verərək dərəcə cədvəlində irəli getsə də, başqaları öz mövqelərini yaxşılaşdırmaq üçün hələ çox səy göstərməlidir. O cümlədən də Elmar Qasımov. O, 100 kiloqramadək çəki dərəcəsində yeddinci olsa da, indi Elxandan sonra ikinci yerdədir. 60 kiloqramadək çəki dərəcəsində də maraqlı vəziyyət yaranıb. Bu kateqoriyalı idmançılar arasında dünya birinciliyində üçüncü yerə çıxıb O.Səfərov Olimpiada iştirakçısı İlqar Müşkiyevi sıxışdırmağa başlayır. Onların qiyabi rəqabəti kifayət qədər maraqlı olacaqdır, axı söhbət Rio Olimpiadasına vəsiqə qazanmaqdan gedir.
Qarşıdakı iri turnirlərə gəldikdə isə demək lazımdır ki, artıq elə də çox yarış qalmayıb. Bu yarışlar oktyabrın sonundan dekabrın əvvəlinədək olan dövrdə keçiriləcəkdir. Buraya Sindaoda, Abu-Dabidə və Cecuda Qran-Pri, habelə Tokioda “Böyük dəbilqə” yarışları daxildir. Çox güman ki, bu turnirlərin çoxunda Azərbaycan cüdoçuları da iştirak edəcəklər. Hələlik bu barədə tam əminliklə danışmaq tezdir.


Teqlər:





Xəbər lenti