Ombudsman: `Seçkidə pozuntulara yol verilməyib`
Sənəddə qeyd olunur ki, bu seçkiləri 40 minə yaxın müşahidəçi, o cümlədən 1300 nəfər beynəlxalq müşahidəçi izləyib. Müvəkkil Elmira Süleymanova və əməkdaşları ümumilikdə Bakı şəhərində və 50-dən çox rayonda 107 seçki dairəsi üzrə 391 seçki məntəqəsində müşahidə aparıblar.
Ombudsman tərəfindən 9 oktyabr Prezident seçkilərinə dair gəlinən nəticədə deyilir ki, ümumilikdə yüksək seçici fəallığı şəraitində keçən səsvermə zamanı yerli icra strukturları və polis əməkdaşları tərəfindən səsvermə prosesinə müdaxilə halları müşahidə edilməyib, səsvermənin nəticələrinə təsir edə və ya qanunauyğunluğunu şübhə altına ala biləcək pozuntulara yol verilməyib.
Sənəddə deyilir: "Beləliklə, Prezident seçkiləri yüksək seçici fəallığı, mütəşəkkilliklə, Seçki Məcəlləsinə uyğun həyata keçirilməklə, Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyib".