Heydər Əsədovu parlamentdə keçmiş müavini əvəz edəcək

Heydər Əsədovu parlamentdə keçmiş müavini əvəz edəcək
  05 Noyabr 2013    Oxunub:1169
Heydər Əsədovun keçmiş səlahiyyətlərini hazırda Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov icra edir.

Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunan Heydər Əsədovun Hesablama Palatasındakı postu boş qalır. Palatanın yeni sədrinin kim olacağı hələ də sual altındadır. Heydər Əsədovun keçmiş səlahiyyətlərini hazırda Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov icra edir.

Diqqət çəkən məqam Milli Məclisin noyabrın 12-də planlaşdırılan iclasında Hesablama Palatası adından büdcə layihəsini kimin təqdim edəcəyinə yönəlib.

Ötən illərdə Milli Məclisdə büdcə müzakirələrinə Hesablama Palatasının sədri kimi Heydər Əsədov qatılırdı.

Builki müzakirələrə Palatanın sədr müavini Adil Məhərrəmovun qatılacağı, büdcə layihəsini parlamentə onun təqdim edəcəyi bildirilir. Hazırda sədrin səlahiyyətləri qanunverciliyə əsasən Adil Məhərrəmov icra etdiyindən parlamentdəki müzakirələrə də o qatılmalı olacaq.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a açıqlamasında komitə iclaslarına Adil Məhərrəmovun qatıldığını bildirsə də, plenar iclasa kimin gələcəyindən xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, Milli Məclisin növbəti iclaslarının 4 gün – noyabrın 12, 13, 14, 15-də keçirilməsi nəzərdə tutulub. “Bunlar “2014-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələri parlamentin gündəliyinə salınıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti