Səlim Müslümov antikorrupsiya əməliyyatına başladı

Səlim Müslümov antikorrupsiya əməliyyatına başladı
  06 Noyabr 2013    Oxunub:1235
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişində şəffaflığın təmin olunması ilə bağlı bu gün KİV nümayəndələri üçün brifinq keçirib.
AzVision.az xəbər verir ki, Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişinə nəzarətin həyata keçirilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm fəaliyyət sahələrindən biri olduğunu qeyd edib: “Bu sahədə ötən müddətdə yol verilmiş nöqsanların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində nazirliyin yeni rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlərə başlanılıb. Aztəminatlı əhali qrupları bu tədbirlərin müsbət nəticələrini yaxın vaxtlarda hiss edə biləcəklər”.

Brifinqdə qeyd olunub ki, bu tapşırıqların icrası daim diqqətdə saxlanılacaq və yardım üçün müraciət edən vətəndaşlarla münasibətlərdə korrupsiya əməlinə yol verən əməkdaşlarla bağlı ciddi tədbirlər görüləcək. Eyni zamanda, hüquq- mühafizə orqanları ilə bu sahədə müvafiq nəzarət formalarının tətbiq olunması məqsədilə söhbətlər aparılıb və yardımların təyinatı işlərində qanunsuzluğa yol verən əməkdaşların ifşa olunaraq cəzalandırılması üçün birgə tədbirlər görüləcək: “Bu tədbirlərin daha effektli nəticələr verməsi üçün vətəndaşların da daha aktiv olmaları vacibdir. Bu ay ünvanlı yardım alacaq 134 mindən artıq ailəyə KİV vasitəsilə müraciət edərək, bildirib ki, təyin olunmuş yardımların alınması üçün onlara banklar tərəfindən verilmiş plastik kartları heç bir halda mərkəz əməkdaşlarına verməsinlər. Çünki bu ünvanlı yardımlar dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılır və onlar bu vəsaitləri öz maddi ehtiyaclarına sərf etməlidirlər. Heç bir əməkdaş vətəndaşları onlara təyin olunmuş yardımı onlarla bölüşməyə təhrik edə, yaxud əks halda onları yardım almaq hüququndan məhrum edə bilməz”.

Ç.Əliyev qeyd edib ki, eyni zamanda, həmin vətəndaşlar əhalinin sosial müdafiəsi mərkəzlərində yardım təyinatı müqabilində onlarla aparılan hər hansı qanunsuz «sövdələşmələr»ə getməməli və belə hallarla üzləşdikləri təqdirdə nazirliyin 142 - Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlara müraciət etməlidirlər. Ünvanlı yardımların təyinatı sahəsində şəffaflığın təmin olunması istiqamətində daha bir yenilik olaraq, əmək haqları və pensiyalar, sosial müavinətlər kimi, növbəti ilin yanvar ayından etibarən ünvanlı yardımlar da aylıq hesablara köçürüləcək, yəni bu sahədə ödənişdə hər hansı «gecikmə» tam aradan qaldırılacaq”.


Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti