Londonda `Azərbaycan Günü` keçirildi – FOTOLAR

Londonda `Azərbaycan Günü` keçirildi – FOTOLAR
  21 Noyabr 2013    Oxunub:1570
Şahin Mustafayev: Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və regionda mühüm tranzit mərkəzidir.
AzVision.az xəbər verir ki,Noyabrın 19-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı Baş Qərargahında Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB-in təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə "Azərbaycan Günü" keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak ediblər.

"Azərbaycan Günü" ölkəmizə dair video çarxın nümayiş olunması ilə başlanıb.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tədbirin məqsədinin Azərbaycanın bu günü, onun sosial-iqtisadi inkişafı, mədəniyyəti, tarixi və musiqisi barədə məlumat vermək olduğunu vurğulayıb. Qeyd edilib ki, 22 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddətdə dinamik iqtisadi inkişafa nail olub, bütün sahələrdə köklü islahatlar apararaq bazar iqtisadiyyatına keçidi başa çatdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olub, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Dünyada nüfuzu davamlı olaraq artan Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvü, Davos İqtisadi Forumunun, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların, "Avroviziya" müsabiqəsinin və digər əhəmiyyətli tədbirlərin keçirildiyi məkandır. 2015-cü ildə isə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Beynəlxalq təşkilatların, siyasi dairələrin, transmilli şirkətlərin, investorların ölkəmizə marağı artmaqda davam edir.

Ş.Mustafayev Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu, milli, dini və irqi tolerantlığı ilə seçildiyini, ölkəmizdə siyasi kataklizmlərin mövcud olmadığını, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilmədiyini, onların hüquqlarının etibarlı qorunduğunu qeyd edib. Azərbaycanda makroiqtisadi sabitliyin təmin edildiyini diqqətə çatdıran nazir son 10 ildə ÜDM-in 3,4 dəfə, adambaşına ÜDM-in 3 dəfə, dövlət büdcəsinin gəlirlərinin 19 dəfə, xarici ticarət dövriyyəsinin təqribən 9 dəfə artdığını vurğulayıb. Yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5,5%-ə enib. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70%-dən çoxunu təşkil edir. İqtisadiyyatın diversifikasiyası siyasəti davam etdirilir və artıq qeyri-neft sektoru neft sektorunu üstələyir: "Xarici dövlət borcu ÜDM-in 8,3%-ni təşkil edir və strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfəyədək çoxdur. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlib və ardıcıl 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyur. Nüfuzlu beynəlxalq reytinq agentlikləri "Standart & Poors", "Fitch Ratings" və "Moodys" beynəlxalq iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqlərini yüksəldərək investisiya səviyyəsində dəyərləndirib. Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb".

Ş.Mustafayev qeyd edib ki, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması nəticəsində iqtisadiyyata 156 milyard dollar investisiya qoyulub ki, bunun da təqribən yarısı xarici investisiyalardır: "Azərbaycanda iqtisadi siyasətin prioritet istiqamətlərindən biri də sahibkarlığın inkişafıdır. Biznes mühitinin davamlı inkişafı məqsədilə inzibati prosedurlar sadələşdirilib, şəffaf mexanizmlər tətbiq olunub, "elektron hökumət"in tətbiqi üçün zəruri tədbirlər görülüb. Bu gün ÜDM-də özəl sektorun payı 80%-i ötüb, geniş sahibkar təbəqəsi formalaşıb. Nəticədə "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilib, hesabatda davamlı olaraq öz mövqelərini qoruyub. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır.

Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik qaz kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək.

Azərbaycan regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzidir və bu da ölkənin cəlbediciliyini daha da artırır. Son 10 ildə ölkəmizdə 6 beynəlxalq hava limanı istifadəyə verilib, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yollar yenidən qurulub, Gəmiqayırma Zavodu istismara verilib. Ölkənin tranzit imkanlarının reallaşdırılması istiqamətində həyata keçirilən layihələr hazırda da davam etdirilir. Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycanı Avrasiya nəqliyyat dəhlizlərinin mühüm əhəmiyyətli halqasına çevirəcək. Bütün bunlarla yanaşı, Azərbaycan yüksək ixtisaslı mütəxəssislərə, zəngin mədəniyyətə, musiqiyə, mətbəxə, yüksək qonaqpərvərlik ənənələrinə, gözəl təbiətə malikdir".

Nazir Azərbaycanın əldə etdiyi nailiyyətlərlə kifayətlənmədiyini, ölkəmizin inkişafının davamlılığının təmin edilməsi üçün təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıdakı illər üçün hədəflərin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Belə ki, 2020-ci il üçün neft amilindən asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun inkişafı hesabına ÜDM 2 dəfə artacaq. Bu hədəflərə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkə təqdimatı ilə, Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev "Azərbaycanda antikorrupsiya siyasətinin inkişafı" mövzusunda, Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf AİŞ tərəfindən həyata keçirilən layihələrə, "Holcim-Azərbaycan" ASC-nin baş direktoru Rossen Papazov şirkətin, "Bakı Gəmiqayırma Zavodu" MMC-in baş meneceri David Loh "Keppel"in, "CNIM Azərbaycan" MMC-nin İdarə Heyətinin üzvü Stefano Kosta şirkətin, AYİB-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn isə bankın Azərbaycandakı fəaliyyətinə dair çıxış ediblər.

AYİB prezidenti Suma Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib, AYİB qərargahında "Azərbaycan Gün"ünün keçirilməsinin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib.

Nazir Ş.Mustafayev AYİB-in Baş Qərargahında "Azərbaycan Günü"nün keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə, Avropa Azərbaycan Cəmiyyətinə, xüsusilə də AYİB-in rəhbərliyinə təşəkkür edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonra tədbir iştirakçıları AYİB-in Baş Qərargahının foyesində Azərbaycan məhsulları ilə tanış olub, onlara Azərbaycanın kulinariya nümunələri və milli musiqimiz təqdim edilib, ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi potensialı barədə məlumatları özündə əks etdirən materiallar paylanıb.

Tədbir çərçivəsində iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev AYİB prezidenti Suma Çakrabarti və bankın Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə icraçı direktoru Olivye Dekam ilə görüşüb, bankla ölkəmiz arasında əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Qalereya




Teqlər:





Xəbər lenti