Nazir daha 165 müəllimi işə qəbul etdi

Nazir daha 165 müəllimi işə qəbul etdi
  03 Dekabr 2013    Oxunub:1088
Təhsil Nazirliyi ümumtəhsil məktəblərində vakant yerlərə aparılmış əlavə yerləşdirmənin nəticəsini açıqlayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, əlavə yerləşdirmədə 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balı toplayıb, lakin işə qəbul olunmamış şəxslər iştirak ediblər.

Yerli təhsili idarəetmə orqanları tərəfindən nazirliyə təqdim edilmiş 2162 vakansiya ilə bağlı təhlillər aparılıb və 1580 zəruri vakant yer müəyyənləşdirilib.

Bu il noyabrın 22-dən 26-dək həmin vakant yerlərə elektron seçim imkanı verilib. Bu mərhələdə iştirak edən 1257 nəfərdən 307-si seçdiyi vakant yerə işə qəbul olunmaq hüququ qazanıb. Noyabrın 28-də onlarla müsahibə keçirilmiş və 165 nəfərin işə qəbul edilməsi barədə qərar qəbul olunub.

Tutulmayan vakant yerlərlə bağlı Təhsil Nazirliyi yerli təhsil orqanları ilə birgə qabaqlayıcı tədbirlər görüb. Belə ki, digər məktəblərdən əvəzçilik qaydasında işləmək üçün müəllimlər dəvət edilib, çalışmanın son yaş həddinə çatmış müəllimlərlə müqavilə müddəti uzadılıb, ixtisaslı müəllimlərlə dərs ilinin sonunadək müvəqqəti müqavilələrin bağlanması təmin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti