Dərsliklər və uşaq ədəbiyyatı ƏDV-dən azad edildi
Vergi Məcəlləsində dəyişiklik edilməsilə bağlı müzakirələrdə iştirak edən millət vəkilləri Çingiz Qənizadə, Fazil Mustafa və Qənirə Paşayeva kitab nəşrinin, istər dərsliklər olsun, istərsə də bədii ədəbiyyat ƏDV-dən azad edilməsinin bu sahənin inkişafına müsbət təsir göstərəcəyini deyiblər.
Millət vəkili Siyavuş Novruzov deputatların fikirlərini dəstəklədiyini bildirsə də, bu sahədə əsas problemlərin ƏDV ilə bağlı olmadığını deyib. “Kitabı içindəki yazıya görə alırlar. İndi isə əksinədir. İndi kimin adamı var, kitab çıxardır. Deyir mənim yanımda Nizami, Füzuli nədir ki?! Amma maraqlı kitabları qiymətindən asılı olmayaraq hər kəs alıb oxuyur”.
Deputat Gövhər Baxşəliyeva da çıxışında dərsliklərin və elmi əsərlərin ƏDV-dan azad olunmasının daha yaxşı olacağını bildirib.
Sabir Rüstəmxanlı dərsliklərin ƏDV-dan azad olunmasını istədyini, lakin bu gün ölkəmizdə dərsliklərin bir monopaliya tərəfindən nəşr olunduğunu bildirib: “Biz dərsliklərin ƏDV-dən azad olunmasını istəyiriksə, deməli, bu monopoliyaya xidmət etmiş oluruq. Ciddi dəyişiklik etmək istəyiriksə, onda bütün nəşriyyatlar vergidən azad olunmalıdır. Deputatlar və partiyalar yığışıb dərslikləri müzakirə etməliyik. Uşaqlarımıza dərsliklərdə nostalgiya aşılanmamalıdır”.
Bəxtiyar Əliyev də bu qanun layihəsindəki dəyişikliyi dəstəkləyib.
Qanun deputatların səs çoxluğu ilə qəbul edilib.
Sevinc İltifatqızı