Azərbaycanda ilk keçi təsərrüfatı yaradılır
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu təsərrüfatın tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit ayırdığı “BMS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yaradılır. Ümumilikdə 8 ferma, sağım və yem sexindən ibarət olacaq 4000 başlıq keçi təsərrüfatında artıq 6 ferma və ofis istifadəyə verilmiş, sağım yerinin inşası başa çatıb.
2014-cü ilin yanvarında daha 2 fermada işlər tamamlanacaq.
Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönəltmə və yemləmə, bir dəfəyə 72 baş keçinin sağılmasına imkan verən paralel tipli sağım sistemləri və s. ilə təchiz edilmiş, işçilərin çalışmaları və istirahəti üçün hər cür şərait yaradılıb.
Hollandiya və Fransadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik “SAANEN” və “Alpin” cinslərindən olan 1330 baş keçi gətirilmişdir. Yaxın günlərdə daha 800 baş keçi alınacaqdır. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 4-4,5 faiz və südvermə dövrü 300-320 gün olan bu keçilərin hər birindən gündəlik 3-5 litr süd sağmaq olur.
Tərkibinə görə ana südünə yaxın olan keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riski olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi xüsusiyyəti keçi südünün əsas üstünlüklərindən sayılır.
Hazırda sağım yerində Ukraynanın “Pelaval” şirkəti tərəfindən müasir avadanlıq quraşdırılır. Yanvar ayında süd istehsalına başlanacaq müəssisədə 80 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Teqlər: