Yeni ildə yeni qanunlar
Ötən il prezident İlham Əliyevin imzaladığı digər bir sərəncamla ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilib. Bu qanuna əsasən sabahdan yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində olacaq.
Yanvarın 1-dən Azərbaycanda qadınların pensiya yaşı da dəyişəcək. Belə ki, qadınların pensiyaya çıxma yaşı yarım il artırılaraq 59 yaş yarım olacaq.
Vergi Məcəlləsinə edilən dəyişikliklər də bu il yanvarın 1-dən qüvvəyə minir. Bu dəyişikliklərə əsasən sabahdan ölkədəki bütün körpələr evləri, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 10 il müddətinə mənfəət və sadələşdirilmiş vergidən azad olunur. Kənd təsərrüfatı sahəsində çalışanlara da şad xəbər var. Torpaq vergisi istisna olmaqla, bu sahə üzrə vergidən azad olmalar daha 5 il müddətinə uzadılacaq.
Yeni ildən ölkədə fəaliyyət göstərən televiziyaların yayımı da rəqamsal sistemə keçir. Bununla da, yerli televiziyaların yayımının keyfiyyəti daha da yaxşılaşacaq. Sabahdan həm də ölkədə gənclərin hərbi xidmətə növbəti çağırış başlayır. Ali baş komandanın sərəncamına görə, yola saldığımız ili səngərdə qarşılayan bir çox əsgərlərimiz yeni ili evlərində qarşılayacaq. Vətəni yeni əsgərlər qoruyacaq. (ANS TV)
Teqlər: