Qənirə Paşayeva Qarabağ qazisini əməliyyat etdirir

Qənirə Paşayeva Qarabağ qazisini əməliyyat etdirir
  01 Yanvar 2014    Oxunub:1493
Qənirə Paşayeva Qarabağ qazısının müraciətinə cavab verib: “ Yusif Rzayev haqlıdır, nazir Səlim Müslimovla danışdıq, ona ev tikiləcək, əməliyyatını da mən üzərimə götürürəm”

AzVision.az xəbər verir ki, Qarabağ döyüşlərində hər iki gözünü itirən Qarabağ qazısının durumu barədə materialı veteranın əmisi oğlu Bəhram Rzayev yayıb: ”Əmim oğlu Yusif iki gözünü müharibədə döyüşlərin birində tankda baş verən partlayış zamanı itirib. 20 ildir dünya işığından məhrumdur. Onun fiziki imkansizliğına görə dediklərini sizə çatdırıram:

1. 4-5 ildir ki, prezdentin sərəncamı ilə ona verilməli olan evi hələ də ala bilməyib;
2. Bütün yerli təşkilatların onu aldatmasından, get-gələ salmasından narazıdır;
3. Səkkiz dəfə məruz qaldığı əməliyyatdan sonra boğazına qoyulmuş plastik borunun sınmasından əziyyət çəkir və yenidən əməliyyata ehtiyacı var ".

Xəbərə əlavə olunan video-lent isə ürək parçalayan idi. Yusif Rzayev aylar öncə müraciətini lentə aldıraraq, aidiyyatlı qurumlara göndəribmiş. Lakin bunun heç bir faydası olmayıb.

Xəbər musavat.com-da yayılandan sonra millət vəkili Qənirə Paşayeva saytın redaksiyası ilə əlaqə saxlayıb: “Mən Yusif Rzayevin özü ilə danışdım, köməkçimi də durumu barədə dəqiq bilgi almaq üçün qazinin evinə yolladım. Yusif Rzayev haqlıdır, onun tələbləri yerinə yetirilməlidir. Mən onun və Tovuzdan daha bir neçə Qarabağ qazisinin mənzilləri ilə bağlı bundan əvvəlki əmək və əhalinin sosial müdafiəsi naziri qarşısında, o cümlədən də parlamentdə məsələ qaldırdım. Təəssüf ki, nazirliyin əvvəlki rəhbərliyi bunu etmədi. İndi yeni nazir Səlim Müslimovla danışdım. O, söz verdi ki, tətil bitən kimi – 8 yanvarda Yusif Rzayevin evinə nazirliyin əməkdaşlarını göndərəcək, durum təsbiti yapıb, ən qısa zamanda Qarabağ qazisinə ev tikib verəcəklər. Səhhəti ilə bağlı mənə heç zaman müraciət etməyib, etsə idi, bir yol bulub, onun əməliyyatını etdirərdik. İndi Yusif Rzayevin özü ilə danışdım. Belə anlaşdıq ki, yanvarın 10-da Bakıya gələcək, burada yerli həkim-mütəxəssislərlə konsilium edəcəyik; mümkün olsa Bakıda, olmasa, Türkiyədə onun üzərində lazım olan cərrahi əməliyyat həyata keçiriləcək ”.

Millət vəkili Qənirə Paşayeva əmindir ki, ən qısa zaman kəsiyində Yusif Rzayevin ev problemləri nazirlik tərəfindən həll ediləcək: “Nazir Səlim Müslimov müraciətimə və fakta çox həssas yanaşdı, əminəm ki, ən qısa zamanda Qarabağ müharibəsində iki gözündən olmuş qardaşımızın ev problem həllini tapacaq. Onun cərrahi əməliyyatla bağlı problemini isə mən həll etməyə çalışacam və inanıram ki, bu məsələ də uğurlu sonluğa varacaq. Biz hamımız bu insanlara borcluyuq, onlar vətəni qoruyaraq, sağlıqlarını itiriblər”.

Q. Paşayeva dedi ki, Tovuzda Y. Rzayev kimi ev problemi olan daha bir neçə Qarabağ qazısı var. Fürsətdən istifadə edərək, onların da məsələlərini qaldırmağa çalışacaq.




Teqlər:  





Xəbər lenti