İsveçrə dondurulmuş münaqişələri həll etmək istəyir
Bu fikirləri rotasiya prinsipi üzrə ATƏT-ə sədrliyi qəbul edən İsveçrə Konfederasiyasının xarici işlər naziri, qurumun yeni sədri Didye Burkhalter bildirib. İsveçrə sədrliyinin leytmotivinin “Hər kəsin mənafeyi üçün təhlükəsizlik birliyini yarat!“ olduğunu deyən D. Burkhalter ATƏT-in Avratlantik və Avrasiya məkanlarını birləşdirmək üçün bənzərsiz mövqeyə malik olduğunu vurğulayıb.
Yeni sədr, həmçinin qeyd edib ki, cari ildə təşkilatın coğrafi prioritetləri Qərbi Balkan və Cənubi Qafqaz regionları olacaq. Səfir Qerhard Stoudmann Qərbi Balkan, səfir Anqelo Gnedinqer Cənubi Qafqaz, Serbiyanın ATƏT yanında səfiri Rodoyko Boqoyeviç isə Dnestryanı bölgə üzrə ATƏT sədrinin xüsusi nümayəndələri təyin olunub.
Nazir İsveçrənin sədrlik dövrü üçün prioritetlərini yanvarın 16-da ATƏT-in Daimi Şurasının iclasında üzv dövlətlərin təmsilçilərinə təqdim edəcək.