Bank sektorunun əsas problemi virus deyil – TƏHLİL

   Bank sektorunun əsas problemi virus deyil –    TƏHLİL
  03 İyun 2020    Oxunub:19332
Ölkənin bank sektoruna pandemiyanın təsiri özünü belə tez göstərə bilməz. Bunun üçün bir az uzun vaxt lazımdır. Odur ki, əgər, hansısa göstəricilərdə mənfi fəsadlar, meyllər ortaya çıxıbsa, bu, sektorun vəziyyətindən irəli gəlir, koronavirus səbəbindən deyil Bizdə, bank sektorunu sağlamlaşdırmağa ehtiyac var. Bu, isbata ehtiyacı olmayan məsələdir. Mövcud iqtisadi şərait pisləşdikdə isə hər şey daha əyani üzə çıxır.
Bütün bunları qoyuram kənara. Lap tutaq ki, hər şeyi pandemiya korlayıb. Ancaq bank sektoru iqtisadiyyatın elə bir sahəsi deyil ki, sağlam vəziyyətdədirsə, kənar və subyektiv təsirlərin ucbatından dərhal pis vəziyyətə düşsün. Sözügedən sektoru və yaxud sistemi mənfi mənada silkələmək üçün gərək, həm də onun özü "xəstə vəziyyətdə" olsun... Azərbaycanda bank sektoru isə əvvəldən sağlam deyildi. Və bu yaxınlarda 4 bankın lisenziyasının əllərindən alınması da buna sübut idi.

Yeri gəlmişkən, dəfələrlə yazmışam ki, bank sektorunu sağlamlaşdırmaq üçün təkcə bankları ləğv etmək - onların lisenziyasını əlindən almaq çıxış yolu deyil. Banklara dövlət və Mərkəzi Bank tərəfindən dəstək lazımdır. Məsələn, keçən il Prezident İlham Əliyev tərəfindən müdaxilə olunaraq, problemli kreditlər məsələsinin yoluna qoyulması və bankların "süni nəfəs aparatından" ayrılması kimi... Eyni zamanda, məsələ real sektorun və bazarın öhdəsinə buraxılmalıdır. Yəni, iqtisadiyyatın real sektoru maliyyələşdirməsinə tədricən nail olmaqla. Düşünməyə dəyməzmi?

Bəli, ilin əvvəlindən bəri, bankların ən çox meyl etdikləri və gəlir götürdükləri istehlak kreditlərinin verilməsi azalıb, əmanət qoyuluşu aşağı düşüb, aktivlər nisbətən pisləşib, bunlar azmış kimi, ilin axırına Mərkəzi Bankın valyuta ehtiyatlarında da azalma proqnozlaşdırılır və s.
Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, ölkədə bağlanmış məlum 4 bankda yerləşdirilmiş 680 milyon manat sığortalı əmanətin geri ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondunun cəmi 200 milyon manatı var ki, gücü yalnız buna çatır. Qalan 480 milyon manat məbləğisə Mərkəzi Bank verməlidir və verəcək. Yəni, kredit şəklində adı çəkilən fonda ötürəcək ki, bütün 680 milyon manatı qaytarmaq mümkün olsun. Özü də 200 milyon manatlıq hissəni xarici valyuta şəklində. Ardınca əlavə olunub ki, ilin sonunadək Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma baş verəcək. Yaxşı, indi bu arada həmin 4 bankı bağlamaq lazım idimi?! Bağlanmalı idisə, hələlik yalnız ən pis vəziyyətdə olana (ATABANK) bunu tədbiq etmək mümkün deyildimi?! Axı, bu arada 480 milyon manat məbləği Mərkəzi Bankdan Əmanətlərin Sığortalanması Fonduna kredit şəklində vermək heç də səmərəli deyil. Çünki bir yandan, neftin dünya bazar qiymətləri aşağı olduğundan, ölkəmizin valyuta gəlirləri azalıb, digər yandan məlum səbəbdən həm dünyada, həm də ölkə iqtisadiyyatında iqtisadi aktivlik sıfır səviyyəsindədir. Belə şəraitdə Mərkəzi Banka valyuta ehtiyatlarını qorumaq lazımdır, yoxsa ondan kredit vermək? Özü də hansı quruma və hansı məqsədlə?! Əmanətlərin Sığortalanması Fonduna - camaatın pulunu qaytarmaq üçün... Bəs, sabah valyuta bazarımızda Mərkəzi Bankın dollarına ehtiyac yarana bilməzmi?! Buna axı, zəmanət yoxdur!

Bu, bir yana qalsın. 20015-20016-cı illərdəki böhrandan sonra ölkənin bank sistemində 11-dən çox bank bağlanmışdı. Proses davam edəcəkdi, sadəcə olaraq, bağlanılan banklarla əlaqədar hökumətin, dövlətin üzləşdiyi problemlər və çətinliklər digər bankların ləğvi prosesini dayandırdı. Çünki başqa əlac yox idi. Təkcə, Beynəlxalq Bank dövləti "beli üstə" qoydu. Belə ki, hökumət bankın xarici öhdəlikləri qarşısında bütün cavabdehliyi üzərinə götürməklə bir növ bank sistemini və o cümlədən, maliyyə sektorunu nüfuzdan düşməkdən qorudu. Adı çəkilən bank sistem əhəmiyyətli olduğundan, başqa çarə də yox idi. Və odur ki, hökumət lazım olanı etdi.

Məsələ bundadır ki, 2005-2006-cı ildəki böhrandan sonra ölkə iqtisadiyyatı 2017-ci ildən etibarən bərpa olunmağa başlasa da, bank sektoru iflic vəziyyətində qalmaqda davam edirdi. Yalnız dövlət başçımızın təşəbbüsü və birbaşa müdaxiləsi yolu ilə problemli kreditlər məsələsi həllini tapdıqdan sonra banklar özlərinə gəlməyə başladılar ki, bu da bir növ koma vəziyyətindən çıxmağa bənzədi. Odur ki, keçən ilin sonuna ölkənin bank sektorunda vəziyyətin normallaşdığını desəm, səhv edərdim, yox, əgər, “2015-2016-ci illərdə dünya bazarlarında neftin ucuzlaşması səbəbindən ölkə iqtisadiyyatına dəyən zərbə nəticəsində düşdüyü vəziyyətdədir” desəm, yenə yanılardım.

Bəli, bank sistemində real vəziyyət 2015-2016-ci illərdə dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən zərbədən sonra yaranmış durumda deyildi və həmin vəziyyətdə sayıla da bilməz. Lakin, ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektorunu inkişaf etdirmək və bu sahədən ixracı artırmaq tələblərinə, məqsədinə də uyğun deyil, çünki sözügedən tələbə və məqsədə cavab vermək üçün bank sektoru qeyri-neft sektorunu maliyyələşdirməlidir. Sektorun real vəziyyəti isə buna imkan vermir.

Ancaq, iş ondadır ki, sektorda inhisarlaşma yenə əvvəlki templə gedir. Bu ilin mayın 12-dək ölkədə fəaliyyət göstərən 28 bankdan 5-nin aprelin 1-nə aktivləri 1 milyard manatdan çox olub ki, Beynəlxalq Bank üzrə bu göstərici 8 milyard 880 milyon 952 min manat, PAŞA Bankda 4 milyard 759 milyon 677 min manat, Kapital Bankda 4 milyard 412 milyon 658 min manat, Xalq Bankda 2 milyard 282 milyon 872 min manat və Bank Respublika üzrə 1 milyard 344 milyon 750 min manat təşkil edib. Qalan 23 bankdan 21-nin aktivləri 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankın aktivləri isə 100 milyon manatdan az təşkil edib. Fikrimcə, Beynəlxalq Bank bizə dərs olmalıdır. Bir vaxt sözügedən bank sistemdə piramidanın zirvə nöqtəsi idi, - böhran dalğası birinci məhz onu "vurdu". Halbuki, sektorda və yaxud sistemdə sərbəst rəqabət mühitinin formalaşması üçün müvafiq addımlar atılsa idi, böhran dalğası sözügedən bankı vurmazdı. İş bundadır ki, bu gün də sektorda rəqabət mühitinin formalaşması üçün müvafiq şəraitin yaradılması gecikir. Belə bir mühit yaranarsa, hər hansı bankın müflis olmasını da bazar özü müəyyən edəcək. Əslində məhz belə də olmalı, bankların sıradan çıxmağı inzibati yolla tənzimlənməməlidir. Və ən əsası, sektorda inhiçırlığa imkan verilməməlidir.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Mərkəzi-Bank   Bank-sektoru  





Xəbər lenti