Yeni binalara qaz veriləcək? - rəsmi AÇIQLAMA

Yeni binalara qaz veriləcək? - rəsmi AÇIQLAMA
  30 Yanvar 2014    Oxunub:1366
Bakıda ucaldılan hündürmərtəbəli binalarda yaşayan sakinlərin üzləşdiyi ən böyük problem bu tikililərdə qaz təchizatının olmamasıdır. İllər öncə istifadəyə verilməsinə baxmayaraq, hələ də bəzi binalar mavi yanacaq üzünə həsrətdir. Xüsusən də qış aylarında qazın olmaması sakinlər üçün əlavə problemlər də yaradır.

Qaz problemi yeni binalara alıcı marağın azalmasına da öz təsirini göstərir. Daşınmaz əmlak üzrə ekspertlər hesab edirlərki, mənzil alıcıları məhz bu səbəbdən yeni tikilən göydələnlərə nisbətən sovet dönəmində inşa edilən köhnə tikililərə üstünlük verirlər.

Hamının diqqətində olan problemə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev aydınlıq gətirib.

AzVision.az-ın məlumatına görə, hakim partiyanın saytına müsahibə verən Ə.Hacıyev bildirib ki, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya qaz verilə bilər.

““Azəriqaz” İstehsalat Birliyi qazın satışı ilə məşğul olan bir qurum olaraq, müvafiq qurumların rəylərini və istismara qəbul aktlarını almış, müvafiq qurumlar tərəfindən razılaşdırılmış layihə-smeta sənədlərinin əslini, xarici və binadaxili qaz kəmərlərinin istismara qəbul aktlarını, xarici və daxili qaz kəmərlərinin tikinti pasportlarını, quraşdırılmış məişət qaz sayğaclarının mənzillər üzrə siyahısını və s. zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında maraqlıdır”.

Ə.Hacıyev qeyd edib ki, “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara qaz verilməsinin təmin olunması istiqamətində də mühüm göstəriciyə nail olub. Belə ki, Birliyin bu istiqamətdə operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 149 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 30374 mənzili əhatə edir. 2012-ci ildə 60 çoxmərtəbəli binanın qazının açılması təmin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti