Ermənistan iqtisadiyyatı uzunmüddətli müharibəyə hazır deyil

Ermənistan iqtisadiyyatı uzunmüddətli müharibəyə hazır deyil
  02 Oktyabr 2020    Oxunub:6852
Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə Ermənistandakı mövcud iqtisadi ressesiyanı dərinləşdirməkdə və mövcud bütün resurslarını məhv etməkdədir.
Azvision.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov hazırkı müharibənin dörd günü ərzində Ermənistanın iqtisadiyyatına dəyən zərər barədə məlumat verib.

"Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqladığı məlumatlara əsasən rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmənin 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.

Qeyd edək ki, bundan əlavə Ermənistanın 2 ədəd SU-25 hərbi qırıcısının dağa çırpılaraq məhv olduğu barədə məlumatlar açıqlanıb. Məhv edilən S-300 sistemlərinin qiymətləri növlərindən asılı olaraq 115 milyondan 160 milyon ABŞ dollarınadək dəyişir. Hərbi-analitik “Deagel nəşri”nə görə Ermənistanın arsenalında olan silahlar isə S-300-lərin PMU1 modifikasiyasına məxsusdur. Bu modifikasiyaların qiymətləri isə 160 milyon ABŞ dolları civarında, bir raketinin qiyməti isə 1 milyon ABŞ dollarından çox qiymətləndirilir. Həmçinin, SU-25 təyyarələrinin 11 milon ABŞ dolları dəyərində qiyməti mövcuddur. Əlavə olaraq, düşmənin arsenalında olan və məhv edilən 200-dək T-72 və onun müxtəlif modifikasiyalarının ümumi qiymətləri isə 300 milyon ABŞ dolları civarında qiymətləndirilir. Hərbi ekspertlər Ermənistanın məhv edilən hava hücumundan müdafiə sistemləri arasında əsasən “Osa” komplekslərinin üstünlük təşkil etdiyini qeyd edirlər".

A.Müseyibov qeyd edib ki, bu tipli silahların birinin qiyməti isə 20-25 milyon ABŞ dolları arasında dəyişir.

"Həmçinin, ötən 4 gün ərzində düşmənin sıradan çıxarılmış təkcə avtomobil texnikasının ümumi qiyməti 2 milyon ABŞ dollarından çoxdur. Göründüyü kimi, cəmi 4 gün ərzində qəhrəman ordumuzun düşmənə endirdiyi zərbələr nəticəsində rəqibin 1 milyard 200 milyon ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib.

Qeyd edək ki, bu ölkənin Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2020-ci il ərzində dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərin həcmi 634 milyon ABŞ dolları civarındadır. Dünya Bankının məlumatına əsasən bu ölkənin Ümumi Daxili Məhsulu 2019-cu ildə 13 milyard ABŞ dolları civarında olmuşdur. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən bu ölkə hər il ÜDM-nin 5 faizə yaxınını hərbi xərclərə ayırır".

Departament rəhbəri bildirib ki, nüfuzlu “Global FirePower” hərbi-analitik mərkəzinin hesablamalarına əsasən isə Ermənistanın ümumi hərbi büdcəsi 1 milyard 385 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

"Göründüyü kimi, cəmi 4 gün ərzində Azərbaycan ordusu düşmənin hərbiyə ayırdığı vəsaitdən 2 dəfə çox büdcəsini, ümumi hərbi büdcəsinin isə tamamını məhv edib.

Qeyd olunanları nəzərə alaraq, indiki vəziyyətdə düşmənin resurs müharibəsinə çox davam gətirəcəyi gözlənilmir. Çünki, pandemiyanın gətirdiyi yeni iqtisadi şərait bu ölkədə iqtisadi vəziyyəti onsuz da kəskinləşdirib. Bu baxımdan bu ölkənin uzunmüddətli resurs müharibəsi aparmaq üçün heç bir əlavə imkanları mövcud deyildir. Bu ölkənin iqtisadiyyatı cari ilin ikinci rübündə 2009-cu ildən bəri ən kəskin azalmanın (13,7 faiz) şahidi olub. Bu ölkənin Statistika Komitəsinin məlumatına əsasən ölkə iqtisadiyyatı ilin əvvəli ilə müqayisədə isə ümumilikdə 5,7 faiz azalıb. Bu ölkənin iqtisadiyyatı cari ilin ikinci rübündə 2009-cu ildən bəri ən kəskin azalmanın (13,7 faiz) şahidi olub. Statistika Komitəsinin məlumatına əsasən ölkə iqtisadiyyatı ilin əvvəli ilə müqayisədə isə ümumilikdə 5,7 faiz azalıb. Cari ilin iyul ayının göstəricilərinə əsasən ticarət balansında 1 milyard ABŞ dolları həcmində kəsir mövcuddur. Fiskal büdcə defisiti isə ÜDM-in 5%-i civarındadır. Ermənistanın iqtisadi artımının ən yüksək drayveri hesab olunan xidmət sektoru pandemiyanın təsiri ilə onsuz da 10 faiz azalıb".

A.Müseyibov vurğulayıb k, müharibə şəraitində isə xidmət və turizm sektorunun Ermənistanda çökəcəyini və bunun iqtisadi göstəriciləri kəskinləşdirəcəyini proqnozlaşdırmaq heç də çətin deyildir.

"Belə ki, Ermənistan Mərkəzi Bankının rəsmi məlumatına görə, bu ölkənin hazırda rəsmi rezerv aktivləri 2,6 milyard ABŞ dolları həcmindədir. Artıq cəmi 4 gün ərzində bu ölkənin aktivlərinin 50 faizi həcmində “əlavə xərc”i yaranıb.

Yeganə olaraq, erməni hökumətinin istinad edə biləcəyi borclanma siyasətinin də artıq fayda verməyəcəyi məlumdur. Belə ki, bu ölkənin Maliyyə Nazirliyi tərəfindən açıqlanan məlumatlarda da ölkənin getdikcə borc bataqlığında batdığı görünməkdədir. 2020-ci ilin yanvar-avqust ayları ərzində büdcənin gəlirləri ötən illə müqayisədə 6 faiz azalıb. Həmçinin, bu ölkənin 6 milyard 48 milyon ABŞ dolları həcmində xarici borcu mövcuddur. Hələ müharibə başlamazdan öncə dövlət borcunun 2020-ci ildə ÜDM-in 60%-dək artması Maliyyə Nazirliyinin proqnozlarında əks olunurdu. Qeyd edək ki, qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən bu göstəricinin 40 %-dən yüksək olması ölkənin maliyyə və iqtisadi təhlükəsizliyi üçün təhlükəli hesab olunmur. Ermənistan hökumətinin rəsmi proqnozlarında 2025-ci ilədək Ermənistanın bu borc bataqlığından çıxmayacağı və ən azı ÜDM-in 50 faizi həcmində dövlət borcunun olacağı da proqnozlaşdırılıb.

Digər tərəfdən, 2020-ci ilin Statistika Komitəsinin 31 avqust tarixinə açıqladığı məlumatlardan da görünür ki, bu ölkənin dövlət borcunun 76 faizdən çoxu xarici valyutada, əsasən də ABŞ dollarında (40%-ə yaxın) əks olunub və ümumi borcların 20%-ə yaxını üzən faiz dərəcəsi alınıb ki, bu da qarşıdakı qeyri-stabillik vəziyyətlərində bu ölkənin borclara görə ödədiyi borca xidmət xərclərini artıracaqdır. Hazırda bu ölkənin, cəlb etdiyi xarici kreditlərin ümumi həcmi isə 4 milyard 607 milyon ABŞ dolları təşkil edir. Ümumi həcmdə əsas pay bir neçə beynəlxalq təşkilat və ölkədən olan investorlara məxsusdur ki, burada da borc tərkibinin diversifikasiya edilmədiyinin şahidi oluruq və gözləniləndir ki, bu istiqamətdə investiyalar repatriasiya ediləcəkdir. Bu baxımdan, hazırda Ermənistanın nəinki hərbi, həmçinin iqtisadi təhlükəsizliyi də özünün destruktiv və əsassız siyasəti nəticəsində təhlükə altına düşüb.

Göründüyü kimi, statistik iqtisadi göstəricilər Ermənistan iqtisadiyyatının ağır iqtisadi durumunun Azərbaycanla savaşı uzun müddət davam etdirməyə imkan vermədiyini və iqtisadi vəziyyətinin uzunmüddətli gərginliklərə, resurs savaşına hazır olmadığını göstərir. Statistik göstəricilərdən də vacibi isə, həqiqət anının Azərbaycan xalqının tərəfində olması fonunda ölkəmizdəki milli birlik qarşısında düşmənin çökəcəyi gün uzaqda deyildir".

Azvision.az


Teqlər: Ermənistan   İqtisadi-böhran  





Xəbər lenti