Le Monde: “Aİ Ukraynaya qoşun göndərilməsini müzakirə edir”

      Le Monde:    “Aİ Ukraynaya qoşun göndərilməsini müzakirə edir”
  25 Noyabr 2024    Oxunub:357
Avropa ölkələri hərbi personalın, o cümlədən özəl hərbi şirkətlərin (ing. – PMC) üzvlərinin Ukraynaya göndərilməsi ilə bağlı danışıqları bərpa edib.
AzVision.az xəbər verir ki, adı çəkilməyən mənbələrə istinad edən Fransanın “Le Monde” qəzeti müzakirələrin gizli aparıldığını, debatın əsas iştirakçılarının Paris və London olduğunu bildirir.

“Danışıqlar gizli, mediada açıqlanmadan aparılır. Müzakirələrin bərpasına səbəb 2025-ci il yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-nin Kiyevə yardımdan imtina etməsi ehtimalı olub”, - nəşr yazır.

“Le Monde” oxucuların diqqətini Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifini daha əvvəl açıq şəkildə səsləndirməsinə yönəldərək, onun bu təşəbbüsünün bir sıra Avropa dövlətlərinin rəhbərlərinin etirazı ilə üzləşdiyini xatırladıb.

Lakin Böyük Britaniyanın baş naziri Kir Starmerlə Makron arasında Fransada keçirilən görüşdən sonra Ukraynanın Aİ ordusu hesabına gücləndirilməsi məsələsinin müzakirəsi yenidən gündəmə gəlib.

“Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq, xüsusən də Ukrayna və daha geniş Avropa təhlükəsizliyinə yönəlik Avropada əsas müttəfiqlər qrupunun yaradılması məqsədi ilə müzakirələr davam edir”, - qəzet vurğulayır.

Qeyd edək ki, hələ bu ilin may ayında Emmanuel Makron, Kiyevin xahiş edəcəyi və ya təmas xətti pozulacağı təqdirdə, Avropanın Ukraynaya qoşun yeritmək imkanı barədə müzakirələr aparmalı olacağını söyləmişdi. Makron bu təşəbbüsü Rusiyanın təhdid etdiyi Avropanın təhlükəsizliyinin təmin olunmasıə zərurəti ilə əsaslandırıb. Moskva, öz növbəsində, Makronun bu təklifi təhlükəli tendensiya kimi qiymətləndirmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Ukrayna   qoşunlar  





Xəbər lenti