Yuxarı Qarabağ iqtisadiyyatın yeni inkişaf lokomotivi olacaq

Yuxarı Qarabağ iqtisadiyyatın yeni inkişaf lokomotivi olacaq
  09 Oktyabr 2020    Oxunub:3904
Azərbaycan əsgəri döyüş şəraitinə tam nəzarət edir və irəliləyir. Azərbaycanın şanlı ordusunun torpaqlarımızı işğaldan azad etməsinin, həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini və yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq.
Bunu Azvision.az -a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

Füzulidən seçilən deputat bildirib ki, işğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq.

"Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunurlar. Sözügedən iqtisadi rayona Xankəndi şəhərini, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonları daxildir. Ümumi sahəsi 7248 km2 olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4%-ni təşkil edir. İqtisadi rayon polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Eyni zamanda, işğaldan azad olunandan sonra həmin ərazilərin yüksək turizm potensialı da var. Bütövlükdə, ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək".

Azvision.az


Teqlər: Deputat   Qarabağ   İqtisadiyyat  





Xəbər lenti