Ətin kilosu 5 manat oldu

Ətin kilosu 5 manat oldu
  01 Fevral 2014    Oxunub:1880
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirildi.
AzVision.az xəbər verir ki, havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq fevralın 1-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılıb.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 15 ton məhsul, o cümlədən 0,4 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 6 ton meyvə və s. təklif olunurdu.

Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına, fermerlərə və digər torpaq mülkiyyətçilərinə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur.

Burada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 45-50, yumurtanın 1 ədədi 11 qəpiyə və s. satılır.

Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunan Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 54,5 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, bugünkü yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, badımcan, balqabaq, bibər, alma, armud, nar, heyva, xurma, əzgil, göyərti və digər məhsullar üstünlük təşkil edir. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.

Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 4,3 ton çox kənd təsərrüfatı məhsulları çıxarılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilib.

Qəsəbə sakinləri burada təklif olunan kartof, soğan, alma, naringi, kələm, yerkökü, çuğundur, yumurta, ət, süd və digər məhsulları həvəslə alırdılar.

Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazarlardakından 25-30 faiz ucuz olması alıcılar tərəfindən razılıqla qarşılanır.

Şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (7,3 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (1,9 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş, ümumilikdə, 9,2 ton məhsul çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada meyvələrdən alma, armud, nar, heyva, tərəvəzlərdən pomidor, xiyar, göyərti, həmçinin mövsümi kənd nemətlərindən kartof, soğan, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur.

Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 146 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.

Havaların kəskin soyumasına baxmayaraq yarmarkaya bölgələrdən bol məhsul gətirilmişdir. Yarmarkada sərfəli qiymətə heyva, naringi, portağal, nar, alma, armud, yerkökü, çuğundur, xiyar, pomidor, kartof, soğan, bibər, göyərti və digər məhsullar təklif edilir.

Şəhər sakinləri məhsulların qiymətindən və keyfiyyətindən razıdırlar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından 18 ton kənd təsərrüfatı məhsulları gətirilib.

Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq tərəvəzlərdən kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, meyvələrdən naringi, alma, armud, heyva, nar, xurma, əzgil, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.

Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.

Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.

Ağstafa, Siyəzən, Goranboy və Bərdə rayonlarının fermerləri və digər torpaq mülkiyyətçiləri şənbə günü Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada alıcılara keyfiyyətli meyvə-tərəvəzlər, bostan və süd məhsulları təklif edirdilər. Şəhər sakinləri yerkökü, pomidor, turp, çuğundur, kələm, alma, nar və digər meyvə və tərəvəzləri bazarlardakından 25-30 faiz ucuz qiymətlərə ala bilirlər.

Alıcılar yarmarkanın təşkilindən razı qaldıqlarını söyləyirlər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, yarmarkaya, ümumilikdə, 15,4 ton məhsul gətirilib.


Teqlər:  





Xəbər lenti