Qarabağın həlli Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək

Qarabağın həlli Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək
  19 Oktyabr 2020    Oxunub:2127
Oktyabrın 6-da Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri Ermənistan tərəfindən kaset bombaları ilə atəşə tutuldu. Mərmi qəlpələri boru kəmərinin 10 metrliyinə düşsə də kəmərə ziyan dəymədi. Bununla da, XX əsrin layihəsinin Avropanın enerji resursları ilə təminatında fasilə yaranmadı. Ancaq bu hadisə Dağlıq Qarabağ münaqişəsinin həssaslığını bir daha göstərərək beynəlxalq ictimaiyyətdən, xüsusi ilə də Avropa ölkələrindən regiona daha diqqətlə yanaşmağı tələb edir. Heç şübhəsiz ki, Ermənistanın Avropanın enerji təhlükəsizliyi siyasəti üçün kritik strateji əhəmiyyət daşıyan Azərbaycana bu formada hücum etməsi münaqişəni həm də Avropanın enerji təhlükəsizliyinə yönəlmiş ciddi təhdidə çevirir.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibovun mövzu ilə bağlı şərhini təqdim edir.

Münaqişənin başlanğıc nöqtəsi

Əvvəla onu qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqının dağılması ilə yaranmış gərginlik ocaqlarından biridir və münaqişənin hərbi, psixoloji və siyasi təsirləri Qafqazda uzun illər ərzində özünəməxsus iqtisadi reallıqlar formalaşdırıb. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın rəsmi ərazisi kimi tanınır və Ermənistan qoşunlarının işğal olunmuş torpaqları tərk etməsi barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822,853,874,884) mövcuddur.

Azərbaycanın mədəni və iqtisadi profili

Müstəqil olduğu ilk illərdən münaqişəyə cəlb olunması, torpaqlarının 20 faizinin işğal olunması, 1 milyon vətəndaşının qaçqın və məcburi köçkün düşməsi Azərbaycanın iqtisadi inkişafı üçün çox ciddi çağırışlar formalaşdırıb. Buna baxmayaraq, ölkə özünəməxsus iqtisadi idarəetmə modelini formalaşdıra bilib. Məhz bunun səbəbidir ki, Böyük Britaniya, İtaliya, İsveçrə, Türkiyə, Belçika və digər Avropa ölkələrinin BP, “Total”, “Botaş”, “Fluxys”, “Enagas”, “Snam”, “Axpo” və sair kimi iri transmilli korporasiyaları Azərbaycana milyardlarla dollar investisiya qoyur.

Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, ölkə çox zəngin multikultural və dini, mədəni irsə malikdir. Belə ki, Cənubi Qafqaz regionunun ən böyük Yəhudi və rus icması yaşayan Azərbaycan həm də ölkənin minillik tarixinin zənginliyi hesab olunan qədim alban xristianlığı irsinə sahibdir. Bütün bu faktlar beynəlxalq təşkilatlar və UNESCO tərəfindən müxtəlif hesabatlarda öz təsdiqini tapıb.

Azərbaycan Avropa və Asiya arasında qlobal dəyər zəncirlərinin fəal iştirakçısıdır. Avropa dəyərlərinə inteqrasiyanı əsas inkişaf siyasətlərindən biri kimi müəyyən etmiş Azərbaycan “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin mərkəzi subyekti, beynəlxalq nəqliyyat, enerji və logistika qovşağıdır. Gürcüstanın Supsa limanına qədər inşa edilən ilk kəmər Xəzər dənizi ilə Qara dənizi, ardınca realizə olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri Aralıq dənizini birləşdirib və nəhayət, daha sonra həmin marşrutboyu qaz kəməri inşa edilib. BTC sayəsində Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. Daşıma gücü 10 milyon tonlarla ölçülən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə Çindən Avropaya daşınma müddətini 30-35 gündən iki həftəyə qədər azaldır və Mərkəzi Asiyanın Avropa bazarına çıxış imkanını təmin edir.

Avropanın təhlükəsiz enerji ekosistemini sağlamlaşdırmaq meyllərində Azərbaycanın rolu

Avropanın enerji təhlükəsizliyinə xidmət edən mega-layihələrin implementasiyasını təmin etməklə Azərbaycanın regionun enerji xəritəsini dəyişib. Avropaya Xəzərin təbii qaz ehtiyatlarına çıxış təmin edən və 31 milyard kubmetrlik potensial daşıma gücü olan Cənub Qaz Dəhlizi Avropanın çoxdandır çalışdığı enerji kanallarının diversifikasiyası siyasətinə dəstək verib. İtaliya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya, Albaniya və Serbiya kimi Avropa ölkələrini əhatə edən və ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan 4 hissəli bu layihəyə qədər də Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə fərqli platformalarda müxtəlif layihə təklifləri olub, ciddi investorlar bu məsələyə qoşulub. Ancaq reallıq odur ki, məhz bu layihə üzərində uyğun konyuktur şəraiti formalaşdırmağa nail olunub, regional ziddiyətləri əməkdaşlıq platformasına çevirməklə layihənin implementasiyası təmin edilib.

Əlbəttə, enerji resurslarının Avropaya nəqli Azərbaycan üçün də maraq kəsb edir, çünki ölkə bundan əlavə vəsaitlər əldə edir. Ancaq nəzərə alınmalıdır ki, Azərbaycan çox böyük çağırışlar və çətinliklərə baxmayaraq, bu layihələrin icrasından heç bir halda geri çəkilməyib. Əks halda bu gün Avropanın enerji xəritəsi indiki qaydada formalaşmaz, Xəzər dənizi isə Türkmənistan, Qazaxıstanın neft və qazının Avropaya istiqamətləndiyi platforma yox, Xəzərin qərbindən Şərqə istiqamətlənən enerji dəhlizi olardı.

Beləliklə, bu gün Azərbaycan karbohidrogen ehtiyatları üçün şaxələnmiş ixrac marşrutlarına malik olmaqla Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Ancaq Ermənistan bu layihələrdən kənarda qaldığı üçün bu layihələrə qarşı provokasiya etməkdə maraqlı tərəf kimi görünür. Belə ki, daha öncə də, yəni 2020-ci ilin iyul ayında da Ermənistan münaqişə zonasından xeyli aralıda yerləşən və qeyd olunan nəqliyyat, enerji və logistika dəhlizinin yerləşdiyi regiona (Azərbaycanın Tovuz rayonu) hücum etmiş, faktiki Avropanın gələcək enerji təhlükəsizliyi təhdid altına düşmüşdü. Qafqaz, Mərkəzi Asiya regionu və Türkiyənin Avropa İttifaqı ilə iqtisadi, mədəni bağlılığını, inteqrativ inkişafını gücləndirən bu layihələri hədəf almaqla Ermənistan Avropanın gələcək strateji inkişaf yoluna da ləngidici təsir göstərir.

Buna müvafiq olaraq, Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarından qurtulmağı bacarmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək öhdəliyinə sadiqlik nümayiş etdirməlidir. Belə olan halda, bu ölkə də regional layihələrdə iştirak edə və Avrasiya dəyər axınlarının iştirakçısına çevrilə bilər.

Azvision.az



Teqlər: Qarabağ   Avropa  





Xəbər lenti