Nazirlik fermerləri məlumatlandırır

Nazirlik fermerləri məlumatlandırır
  21 Oktyabr 2020    Oxunub:2167
2020-2021-ci il payız əkinləri üzrə subsidiya müraciəti üçün fermerlərdən əkin bəyanlarının qəbulu prosesi davam edir.
Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, qurum əkin bəyanlarının düzgün və vaxtında təqdim edilməsi üçün regionlarda fermerlər arasında maarifləndirmə işləri aparır.

Nazirliyin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) əməkdaşları Biləsuvar, Cəlilabad, Masallı rayonunda əkinçi fermerlərlə görüşüblər. Görüşdə bildirilib ki, yüksək məhsuldarlıq və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında fermerlərin üzərinə böyük məsuliyyət düşür. Dövlətin hər zaman fermerlərin yanında olduğunu vurğulayan AKİA əməkdaşları kənd təsərrüfatı məhsulları istehsalçılarını maraqlandıran suallara aydınlıq gətiriblər.

Fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməyin qaydaları, payızlıq əkinlərin vaxtında və düzgün bəyan edilməsi üçün lazım olan addımlar ətraflı izah edilib.

Qeyd edək ki, 2020-ci ildən başlayaraq fermerlərin aqrar subsidiyalar üçün müraciətləri elektron sistem üzərindən qəbul edilir və vəsaitlər “Fermer kartı”na köçürülür. Payız əkinləri üçün bəyanlar noyabrın 30-dək qəbul ediləcək.

Azvision.az



Teqlər: Fermer  





Xəbər lenti