AzVision-19 I Deşik gəminin düşük kapitanı - VİDEO

      AzVision-19 I    Deşik gəminin düşük kapitanı -    VİDEO
  23 Oktyabr 2020    Oxunub:33669
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
İlin xalqına salam olsun! Elə unikal dövrdə yaşayırıq ki, Azərbaycan dövləti də, xalqı da gözümüzün qabağındaca günbəgün, saatbasaat böyüyür. Dövlət fiziki, siyasi və geosiyası, Xalq isə mənəvi planda. Böyük hədəflərə doğru getmək də böyüdürmüş. Bu hesabla, qarşıya qoyulan hədəfə çatanda biz bütün baxımlardan artıq xeyli böyümüş olacağıq. Hələlik isə cavablandırmalı olduğumuz bəzi suallar var.

- Bu xalq bir başqa xalqdır... Torpaqlarımızla birlikdə daha nəyimiz geri qayıdır?
- “Rəis” sözünün sehri: Niyə tvitterdə Prezidentə “rəis” deyirlər?
- Deşik gəminin düşük kapitanı. Paşinyanla müsahibə cəhdi




Bu suallara qarşıdakı dəqiqələrdə mən və o – bloger, sosial şəbəkə fəalı Demə Qoq birlikdə cavab verməyə çalışacağıq. Gərək yadınızdan çıxmamış ola, mən əvvəllər hər dəfə onu təqdim edəndə “narazı vətəndaş”, “hakimiyyətə skeptik yanaşan vətəndaş” da deyirdim, amma daha elə deyil. Çünki bu gün Azərbaycanda narazı vətəndaş yoxdur.

Demə Qoq:
- Hə, qaqa, bazarı bağlamışıq. Bu gün Azərbaycanda nəinki narazı vətəndaş yoxdur, ümumiyyətlə, hərdən mənə elə gəlir ki, heç 10 milyon insan da yoxdur. Bu gün Azərbaycanda sanki cəmi iki nəfər var: Ali Baş Komandan və onu dəstəkləyən xalq. Bütün xalq elə bil, bir nəfər olub. Hamı eyni cür düşünür, danışır, eyni şeyi istəyir...

1. Özünə qayıdan xalq

İşğal xalqın, dar mənada isə insanın təkcə torpağını əlindən almırmış. İşğal həm də onun vüqarını, mənliyini alır, şəxsiyyətini zədələyir, həyatının bütün tərəflərində bir natamamlıq yaradırmış. Bu müharibədə təkcə torpaqlar qaytarılmır. Eyni zamanda bizim həm xalq, həm də ayrı-ayrı fərdlər olaraq, natamam tərəflərimiz tamlanır, bütövləşir. Qaytarılan torpaqlar bizi tamam başqa insanlara, tamam fərqli bir xalqa çevirib. Sadəcə özünüzü, özümüzü müşahidə edin. Biz indi nəinki daha xoşbəxt, daha vüqarlı, daha qürurlu olmuşuq; bizim indi hətta yerişimiz də, danışığımız da, dünyaya baxışımız da, bir-birimizlə münasibətimiz də dəyişib. Hələ tamamlanmamış bir ay ərzində biz məğlub xalqdan qalibə çevrilmişik. Əvvəl bizi əsəbləşdirən, gərginləşdirən mövzularla indi zarafat edir, deyib-gülürük. Dünyaya, həyata baxışımız dəyişib. Bir-birimizi daha çox sevirik, daha çox həmrəyik, daha doğmayıq. Sanki müharibə etmirik, uzun sürən bir bayram, el şənliyi keçiririk. Hamımızın nəbzi Prezidentin tvitləri, çıxışları ilə döyünür. Hazırda bütöv xalq Prezidentin düşmənin başına endirdiyi yumruğun ətrafında birləşib.

Onun dediyi sözlər dərhal dillərdə əzbərə, zarafatlara, memlərə, capslara, videkollajlara çevrilir. Biz birbaşa həyatımızdan dərk edirik ki, Ali Baş Komandan Ordunun yox, bütünlükdə xalqın Ali Baş Komandanı imiş. Bütün xalq Ona qəribə bir sevgi, doğmalıq, ərklə yanaşır, sosial şəbəkədə ya “Rəis”, ya da “Cənab” deyə müraciət edir, tvitlərinin altına ürək sözlərini yazırlar. Ən maraqlısı odur ki, Cənab da bütün bunlardan xəbərdar olduğunu xalqa hiss etdirir.

Demə Qoq:
- Yaxşı da... Deyirsən, yəni sosial şəbəkədə yazdıqlarımızı Rəis görür? Vay-Vay, onda gərək bir az özümüzü yığışdıraq...


- Məncə, ehtiyac yoxdur, indi səmimiyyət dövrüdür, hər şey olduğu kimi yaxşıdır. Və bütün bunlar hələ başlanğıcdır. Sadəcə başlanğıc bizi belə dəyişdirə bilibsə, qarşıdakı daha böyük hadisələrin Azərbaycan xalqına necə təsir edəcəyini təsəvvür eləmək belə maraqıdır. Amma elə indiyə qədər olanlar da artıq tamam yeni bir reallıqda yaşamağımızı təmin edir.

Demə Qoq:
- Məslən, birini mən deyim. Uşaqlarımız daha məktəbdə rayonların işğal tarixlərini öyrənməli olmayacaqlar. Gərək dərslikləri dəyişək. Ha-ha-ha... Sonra, daha xəbərlərin əvvəlində “Düşmən atəşkəsi 263 dəfə pozub” kimi məlumat eşitməyəcəyik. Day qulağımız yağır olmuşdu.

Hər şey dəyişəcək. Biz daha dünyaya Qarabağın işğalı haqqında gerçəkləri çatdırmalı olmayacağıq. Hər görüşdə, hər tədbirdə bu haqda danışmağa ehtiyac qalmayacaq. Əksinə, biz hamıya böyük fəxrlə Azərbaycanın təcrübəsindən söz açacağıq. Çünki ölkəmiz etnoərazi konfliktini öz gücü ilə həll edən, ümumiyyətlə, həll edən nadir dövlətlərdən biri kimi tarixə düşəcək. Dünyada hamı “Azərbaycan bunu necə həll etdi” soruşacaq, araşdıracaq, başa düşməyə çalışacaq.

Demə Qoq:
- “Həll etdi” demişkən, bundan sonra necə gedəcək proses? Ermənilərlə oturub danışacağıq, yoxsa elə axıra qədər iti qovan kimi qovub, çıxaracağıq?
- Bu, hazırda əsrin sualıdır. Amma gəl, variantlara baxmağa çalışaq

2. Donuzu darıdan çıxarmağın yolları

Ermənilərlə oturub danışmaq üçün ilk vacib şərt budur ki, onlar məğlubiyyətlərini etiraf edib, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirsinlər. Sənin ərazi bütövlüyünü tanımayan ölkə ilə oturub danışa bilməzsən. Ermənilər isə xoşbəxtlikdən, bizim ərazi bütövlüyümüzü tanımırlar. İndi əsas sual odur ki, bu xoşbəxtlik nə qədər, yaxud, hara qədər sürəcək?!
Xoşbəxtlikdən, düşmən hər şeyi xeyli mürəkkəbləşdirib. Paşik Yalayan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilmir – tanısa, bu, onun hakimiyyətinin sonu ola bilər.

Demə Qoq:
- "Yalayan" köhnə addır. İndi onun təzə və daha məşhur adı var: Düşük. Adqoydusunu da keçirmişik. Xahiş edirəm, təzə addan istifadə edəsən.
- Niyə, Daban Yalayan pis idi ki, bəyəm?
- Yox, kim deyir ki, pis idi? Amma iphone 8 də pis deyildi, di gəl ki, iphone 10 çıxdı. Həyat belədir, hər şeyin yeni versiyası çıxır.
- Nə deyirəm, adı ilə böyüsün. Bu, artıq bir ayda neçənci addır?
- Sayaq da. Əvvəlcə Telefonyan oldu. Sonra Yalayan. İndi Düşük. Hələ ki, üçüncüdür.
- Pis deyil. Maraqlısı odur ki, adların şiddəti artan xətlə gedir. Hə, deməli, vəziyyət belədir ki, bu Düşük Yalayan bit tərəfdən Qarabağ klanını, digər tərəfdən isə böyük ölçüdə neytrallaşdırıb. Əgər Qarabağ klanının Ermənistan siyasətinə əvvəlki kimi təsiri qalmış olsaydı, Paşinyan çoxdan devrilmişdi. Və yaxud, Erməni cəmiyyəti cəbhədəki real vəziyyətdən xəbərdar olsaydı, həmçinin. Amma bunların heç biri olmadığı üçün, belə çıxır ki, bizim qarşımızda bir gicbəsər nakam diktator durub.

Demə Qoq:
- Hazırda Qarabağı qaytarmaq işimizə ən çox köməyi dəyənlərdən biri həmin o gicbəsərdir. Onun yerində qalması bizə çox lazımdır. Pakistan deyib ki, əgər Paşinyanın başına bir iş gəlsə, Ermənistana yüz min gic...bəsər göndərməyə hazırdır!

Qardaş Pakistan xalqına böyük sevgimizi çatdırırıq. Doğrudan da, Paşik Yalayan kimi gicbəsərlərdən nə qədər çox olsa, o qədər yaxşıdır. Çünki o, öz xalqının başını nağıllarla piyləyərkən, bu tərəfdə Ordumuz sürətlə haqq işini davam etdirir. Amma digər tərəfdən, hazırda Ermənistanda çevriliş olsa və Paşinyanın yerinə kimsə başqa biri gəlsə belə, artıq döyüş meydanında heç kim vəziyyəti dəyişə bilməz. Ermənistanın müharibə potensialı və cəbbəxanası xeyli dərəcədə sıradan çıxarılıb. Zoomağazalarda pişikləri satanda əvvəlcədən dırnaqlarını tuturlar e - ki, heç kimi cırmaqlamasın deyə,- indi Ermənistan da dırnaqları tutulmuş pişik kimidir.

Demə Qoq:
- Şiddətli şəkildə etiraz edirəm. Xahiş edirəm, pişikləri təhqir etməyəsən!

Yaxşı. İndi Ermənistan hələ xeyli müddət dişləri çıxarılmış ilan vəziyyətində olacaq. Hər gün müdafiə qabiliyyəti daha da azalır. Yəni hazırda orada hakimiyyətdə kim olursa-olsun, döyüş meydanında vəziyyəti dəyişmək qətiyyən mümkün deyil.

Demə Qoq:
- Bəs diplomatiyada necə? Axı başqa bir adam gəlsə, bəlkə digər dövlətlərin məsələyə qarışmasına nail ola bilər.

3. Həll olunmuş məsələ

Düzünü desəm, artıq bu perspektiv də mənə inandırıcı görünmür. Çünki Cənab Ali Baş Komandanın xalqa sonuncu müraciətində toxunduğu məsələlərdən biri də məhz bu idi ki, Ermənistanın kimlərisə məsələyə qatmaq cəhdləri əbəsdir. Heç kim qarışmayacaq.
Bu sözlər bizə niyə ləzzət edir? Çünki vaxtilə bu çarəsizliyi biz yaşamışdıq. Doğma torpaqlarımızdan qovulanda, qocalarımız, körpələrəmiz qətlə yetiriləndə nə qədər haray çəksək də, dünya dadımıza yetişmirdi. Ona görə də indi ermənilərin eyni vəziyyətdə olduğunu görmək bütün xalqın ürəyinə yağ kimi yayılır.
Cənabın belə əminliklə danışması ondan xəbər verirdi ki, həm döyüş, həm də diplomatiya meyanında xalq dililə desək, işi artıq tam bişirib. Özü də indi yox; indi baş verənlər həmin o bişmiş işin boşqablarda süfrəyə gətirilmə mərhələsidir. Qarabağ probleminin həlli cənab İlham Əliyevin - Tvitter icmasının dililə desək, Rəisin,- həyatının əsas proyektidir. O, illərlə - güman ki, elə ən azı 17 il bi layihənin üzərində işləyib, onun bütün tərəflərini, detallarını milyon dəfə ölçüb-biçib, razılaşdırıb... Son bir neçə, xüsusilə 1 ildə isə yekun hazırlıqları da necə lazımdırsa, görüb ki, düşmənin yaratdığı növbəti fürsətdəcə onun hulqumundan yapışsın. Yapışşıb da. İndi bu düşmən Azərbacan torpaqlarından rədd olmayınca dünyada onu Rəisin əlindən ala biləcək bir qüvvə yoxdur. Hamısını yerbəyer eləyib.
Səhv etmirəmsə, “Hərb və Sülh”dədir bu səhnə - Borodino döyüşündən qabaq Kutuzov hər şeyi ölçür-biçir, xırdalıqlarına qədər planlaşdırır, döyüş gedəndə isə artıq rahatca çadırında oturub, yeməyini yeyir. Çünki daha görüləcək bir iş yoxdur – hər şey planlaşdırılıb. Cənab da özünü çox əmin hiss edir – çünki görür ki, hər şey plan üzrə gedir. O, toraqlarımızı qaytarmağa həmişə həm milli, həm də şəxsi məsələ kimi yanaşıb. Bir tərəfdən düşünüb ki, bu, onun xalqın qarşısındakı, digər tərəfdə isə, atası – Ulu Öndər Heydər Əlyevin ruhu qarşısındakı borcudur. Yəni həm vətəndaş, həm də oğul borcudur. İnsan illərlə özünü bir borcu qaytarmağa hazırlayırsa, məqamı çatanda daha heç kim, heç nə onun qarşısını kəsə bilməz.

4. “Rəis”

Sosial şəbəkədə, xüsusilə də Tvitterdə dövlət başçımızın “Rəis” adlandırılmasının çox rəmzi bir anlamı da var. Düzdür, biz bunu türkiyəli qardaşlarımızdan götürmüşük, amma çox yerinə düşür. Rəis – orta əsrlərdə türklərin hərbi gəmi kapitanlarının rütbəsi idi. Məsələn, Piri Rəis, Turqut Rəis kimi əfsanəvi kapitanların adlarını hər kəs eşidib. Maraqlısı odur ki, biz türklər heç vaxt dəniz xalqı olmamışıq. Ən güclü dönəmlərimizdə belə biz tipik, ənənəvi tellurokrat irq olmuşuq. Bizimki gəmi yox, at beli olub. Tarix “əgər” bağlayıcısını sevmir, amma bir anlıq düşünək: Əgər vaxtında biz at belindən düşüb, gəmiyə minsəydik, nə olardı? Tamam fantastik bir mənzərə açılır. İndikinə heç bənzəməyən bir dünyada yaşayırdıq. Türklərin Aralıq hövzəsində dominantlığını təmin edən məhz rəislər – gəmi kapitanları olmuşdular. Onların yeri və rolu düzgün qiymətləndirilsə, hətta Amerikanı da türklər kəşf edə bilərdilər. Osmanlıda güc quru qoşunlarına yox, donanmaya verilsəydi, vaxtında Avropanın dəniz ağalığının iddiasına düşməsinə mane olunardı, kolonial müstəmləkəçilik dövrü başlamazdı, Qərb başqa xalqları istismar edib, dünyanın mərkəzinə çevrilməzdi. Amma təəssüf ki, biz genetik kodumuzdakı tellurokratiyanın cazibəsindən çıxa bilməmişik. Dənizlərə yox, çöllərə, gəmilərə yox, atlara üz tutmuşuq.

Demə Qoq:
- Öhö-öhö!!! Görürəm, yenə qızışmısan, mətləbdən də çox uzaqlaşırsan, ona görə də dedim burada bir asqırım, özünə gələsən. Bütün bunlar, etiraf edim ki, maraqsız deyil, ayrı vaxt pivə içə-içə məmnuniyyətlə qulaq asaram. Amma indi bizim mətləbə nə dəxli var?!

Niyə başınızı ağrıdırdım... Çünki sosial şəbəkənin Cənab Ali Baş Komandana müraciətlə dediyi “Rəis” sözünün sehri məni də tutub, istəyirdim, o kəlmənin simvolizminə baş vurum bir az. Rəislər – gəmi kapitanları türkləri ənənəvi tellurokrat düşüncədən uzaqlaşdırıb, tallosakratiyaya, dəniz xalqı olmağa apara bilərdilər. Bu isə tamam başqa bir səviyyə olardı. Çünki 18-ci əsrdən başlayaraq, ta bu günə kimi dünyaya dəniz xalqları ağalıq eləyiblər. Rəislər – yəni orta əsrlərin gəmi kapitanları doğrudan da, möhtəşəm insanlar idilər. Onlar dünyanın nəbzinə, qlobal təfəkkürə həmişə başqalarndan daha yaxında olublar. Bu gün də Azərbaycan bir gəmidir sanki və onu çooox mahir bir kapitan – sosial şəbəkənin dililə desək, Rəis yönəldir. Mən də istəyirəm tvitter patetikasına qoşularaq deyim ki, Bizim bu gəmi sənə əmanətdir, Rəis. Onu Böyük Gələcəyə apar!

5. Deşik və Düşük

Qarşı tərəfdə isə Deşik bir gəmi və ona rəhbərlik edən Düşük bir... matros var. Kapitan yox, məhz matros. Əvvəllər həmin deşik gəmiyə kapitan vəzifəsini birtəhər ələ keçirmiş miçman rəhbərlik edirdi. Amma günlərin birində gəmidəkilər nəsə qiyamabənzər bir şey qaldırdılar, onu gəmidən dənizə tullayıb, gedib, ən zay, tez-tez içib, anbarda dava salan matroslardan birini gətirib kapitan qoydular. Bu gəminin özü ən yaxşı halda kanonerka sayıla bilərdi. Amma onun başına gələn matros başladı qarşısındakı kliperə - peşəkar rəisin yönəltdiyi kliperə,- atəş açmağa, təxribata çəkməyə, təhqir etməyə... Günlərin birində kliperin heyətinin səbri tükəndü və Rəis gəminin böyrünü həmin o sınıq-salxaq kanonerkaya tərəf çevirib, əmr verdi: Atəş! Maraqlıdır, bu kanonerkanın matros-kapitanı nə düşünürdü axı? Və indi nə düşünür?

Demə Qoq:
- DÜŞŞŞŞÜkdür də!!!

Biz onunla əlaqə yaratmağa çalışmışıq, indi xəttdə olmalıdır.

- Özünüzü necə hiss edirsiniz?
- Bomba kimi.
- Necə?!
- Düşüb, partlamayan bomba kimi!
- Həəəəə... Yeri gəlmişkən, nəsə çoxdur e həmin o düşüb, partlamayan bombalar.
- Neyləyək, ucuz ətin şorbası olmur da.
- Bu mənasız müharibəni niyə uzadırsınız? Niyə Azərbaycan ərazisindən çıxmamaq üçün boş və ziyanlı dirəniş göstərirsiniz?
- Mən bu haqda danışmaq istəmirəm, çünki sizin prezidentiniz məni təhqir edir.
- Nikol Vovayeviç, gəlin...

Demə Qoq söhbətə qarışır:

- Bir dəqiqə!.. Mən görürəm ki, aparıcımız çox dişsizdir, olar, özüm bir kəlmə deyim?
- “Dişsiz aparıcı” sözü ilə razl deyiləm, amma sual vermək istəyirsənsə, buyur.
- Deməli, bizim Rəisin sözləri bunun xətrinə dəyirmiş də, eləmi?! Xeyir ola, bəs bunun özü aylardır ki, 10 milyonluq xalqı təhqir edə bilirdi?! Bizim heç xətrimizə dəymirdi?! Yoxsa, o “xətir” deyilən şey ancaq səndə var, ay Düşük?! Ay Yalayan! Ay Bambılı! Ay Dəmşalağ! Ay Sırtıq! Ay Ləpəş! Ay Şəpdülü! Ay Dümsüy!!

- Çıxardın bunu efirdən, ayıbdır olmaz belə.
Nikol Vovayeviç, fikir verməyin, lütfən. Mənim soruşmaq istədiyi bu idi: Axı 5 min nəfər itki ilə məğlubiyyətin 10 min, 15 min itkilə məğlubiyyətdən heç bir fərqi yoxdur. İtkilərə o vaxt haqq qazandırmaq olar ki, onlar vəziyəti dəyişə bilsin. Amma sizin vəziyyəti dəyişmək şansınız sıfırdan da aşağıdır. Elə isə, niyə itkiləri artırırsınız, insanları, xüsusilə gəncləri ölümə verirsiniz?

Paşinyan:

- Çünki biz Artsaxın müstəqilliyində heç bir kompromisə getmirik!

- Uffff... Gəl, bununla danış görüm, necə danışırsan da! Xahiş edirəm, Demə Qoqu yenidən efirə qoşun!

Demə Qoq:

- Nə dedi bu?! Artsaxın müstəqilliyi?! Ə, sən orada keşniş toxumu çəkirsən, nədir?! Artsaxın müstəqiliyi söhbətinin qırxı çıxacaq e birazdan, ay Düdük!

Paşinyan:
- Niyə məni təhqir edirsiniz?

Demə Qoq:
- Təhqir niyə edirik ki?! Düdük – qədim erməni musiqi alətidir də, elə deyil?!
- Elədir.
- Ona görə də deyirəm də, Ay Düdük! Ay Qurumsaq! Ay Dümbələk! Artsaxın müstəqilliyi nə idi alə, ay Ləlöyün!
- Ay haray!!! Qoymayın! Öldürdülər! Soyqırımı törədirlər! Nəsimizi kəsdilər! Türkiyə üstümüzə gəlir! Suriyalı ilə Pakistanlı hərəsi bir tərəfdən hücuma keçib. Xilas edin!!! Palundraaaaa!!!

Aparıcı:
- Bəsdir, daha bəsdir. Lazım deyil... Baxın, Nikol Vavayeviç...
Demə Qoq:
- Vovayeviç nədi ə?!
- Atasının adıdır da.
- Nədir-nədir atasının adı?!
- Vovay.
- Ə, Vovay da ad olar?! Ay bunun vovayına oturum! Cənab Prezident, xahiş edirəm, Rəis, bunun atasının da adını dəyişin! Nə iyrənc adı var. Bunların başına dəysin bu ad!
- Cəhənnəmdə yansın bu ad! Elə bunun özü də!
Demə Qoq:

- Bax, axır ki, sən də bir diş götərdin. Yox, pis deyil, öyrənirsən...

6. Böyük günlərin astanasında

Mən lap əvvəldə Vətən Müharibəmizin bizi necə dəyişdiyi haqda danışmışdım. İstəyirəm, izninizlə, sonda yenə də o notlara qayıdım. Neçə gündür belə bir duyğum var ki, bizim ölkədə dünyanın ən gözəl, ən mərd, ən xeyirxah, ən səxavətli insanları yaşayırlar. Bizim aramızda pis adam yoxdur, sadəcə, illərdir yaralı qalan qürurumuz, ləkəli olan mənliyimiz, əxlaqsız düşmənin həqarətlərinə adekvat cavab verə bilməməyimiz bizləri acıqlı, kinli, aqressiv etmişdi. Kaktus kimi tikanlar çıxarmışdıq. İndi torpaqlarımız qayıtdıqca, o mənfi cəhətlər də canımızdan çıxır, şərəfəmiz bərpa olunduqca xasiyyətimiz də gözəlləşir. Lap uşaqlıq personajımız Paçtalyon Peçkinin dediyi kimi...
Mənə elə gəlir, bizim də aramızda ona görə bəzi ziyanlı adamlar var imiş ki, torpaqlarımzın işğalı onları daim ağrıtdığından, pis olmuşdular. Vətənimizin yarası tam sağalandan sonra aramızda heç bir pis insan qalmayacaq, Azərbaycan – dünyanın ən gözəl, ən mehriban, ən sevimli və ən xoşbəxt insanlarının yaşadığı ölkəyə çevriləcək. Hamımız buna inansaq, elə belə də olacaq! Böyük və gözəl günlərin astanasındayıq, dostlar! Qəhr olsun bu ölkəni sevməyənlər! Yaşasın Azərbaycan!

Azvision.az


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti