Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər

Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
  23 Oktyabr 2020    Oxunub:2544
2020-ci ilin yanvar-avqust ayları ərzində Ermənistan iqtisadiyyatında 6,4 faizlik azalma qeydə alınıb. Koronavirus (COVID-19) pandemiyasına qarşı dünyada ən uğursuz mübarizə aparan ölkələr siyahısında olan Ermənistanda ilin 8 ayı ərzində ixrac və idxalın həcmləri də azalıb və iqtisadi tənəzzül dərinləşib.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi departament rəhbəri Rəşad Hüseynovun mövzu ilə bağlı şərhini təqdim edir.

Ermənistanın Statistika Komitəsinin məlumatlarına görə, əvvəllər iqtisadi artımın hərəkətverici qüvvəsi olan sənaye koronavirus böhranı fonunda staqnasiya ilə üzləşib. Bu ölkənin tikinti sektoru cari ilin 8 ayını 19,1 faiz, ticarət 11,5 faiz, xidmətlər 10,8 faiz azalma ilə başa vurub. Ermənistan iqtisadiyyatını gözləyən ən böyük fəlakətin qarşıda olduğunu proqnozlaşdıra bilərik. Belə ki, bu ilin sentyabr ayının 27-də atəşkəsi pozaraq Azərbaycana təcavüz edən Ermənistan tərəfi ölkəmizin əks-həmləsi ilə üzləşib. Azərbaycan Ordusunun torpaqları azad etmək və düşməni cəzalandırmaq üçün hərəkətə keçməsi Ermənistan üçün ciddi çağırışlara səbəb olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, Ermənistanın itirdiyi hərbi texnika və sursatın dəyəri 2 milyard ABŞ dollarından çoxdur. Amma bu ölkənin itkiləri təkcə hərbi texnika və döyüş sursatı ilə bitmir. Müharibənin davam etməsi Ermənistan iqtisadiyyatının da itkilərini artırır.

İşğalçı dövlətdə səfərbərlik elan edilib və vətəndaşların orduya cəlbi prosesi başlayıb. Hətta ilkin məlumata görə, ölkə 210 min vətəndaşını səfərbər edərək Azərbaycanın işğal olunan ərazilərinə göndərməyə çalışır. Nəzərə alsaq ki, Ermənistanda 913 min nəfər iqtisadi fəal əhali var, deməli bu, onun 23 faizinin işdən ayrılaraq müharibəyə getməsi deməkdir. Yəni səfərbər olunan şəxslər işləmirlər və əlavə dəyər yaratmırlar. Nəticədə cari ilin 4-cü rübündə Ermənistanda ÜDM-in azalması daha da sürətlənəcək.

Proseslərin belə davamı bu ölkənin növbəti ili də ressesiya ilə başa vuracağı ehtimalını artırır. Qeyd edək ki, 2019-cu ildə Ermənistanın ÜDM-i təxminən 13,7 milyard dollar olub. Bu ölkənin statistikasının məlumatına görə ÜDM-in 30,4 faizi və ya 4,2 milyard dolları 4-cü rübün payına düşür.

Məhz hazırda davam edən müharibənin təsiri ilə cari ilin 4-cü rübündə Ermənistanda ÜDM-in ciddi azalacığını proqnozlaşdıra bilərik. İlkin hesablamalara görə, Ermənistan 210 min vətəndaşını səfərbər edərək müharibəyə göndərdiyi təqdirə ilin 4-cü rübü ərzində bu ölkədə gündəlik ÜDM 10,7 milyon dollar və ya rüb ərzində 1 milyard dollar azala bilər. Onu da qeyd edək ki, müharibə dayandığı təqdirdə də istehsalatdan ayrılaraq orduya cəlb edilən vətəndaşların yenidən istehsalata qaytarılması xeyli vaxt alacaq. Dayandırılan istehsalatın bərpası isə yeni problemlərlə üzləşəcək (müştərilərini itirməsi və sair).

Ən yaxşı ssenari üzrə hesablamalar isə göstərir ki, iqtisadi sektorlar üzrə işçi qüvvəsinin itirilməsi və uyğun olaraq da kapitalın azalması fonunda Ermənistan iqtisadiyyatının istehsal gücü zəifləyəcək. Bunun nəticəsi olaraq Ermənistanda gündəlik yaranan ÜDM işğalçı müharibə səbəbindən 3,4 milyon ABŞ dollar azalacaq. Ən pis ssenari üzrə hesablamalar isə Ermənistanda vəziyyətin daha acınacaqlı olacağını göstərir. Göründüyü kimi, iki ssenari (yaxşı və orta) üzrə hesablamalar göstərir ki, bütün hallarda müharibə Ermənistan iqtisadiyyatının çöküşünə səbəb olacaq. Proqnozlara görə, müharibənin iki həftəsi ərzində ümumilikdə Ermənistanda ÜDM-də 47,6-149,8 milyon dollar arasında azalma baş verəcək.

Hesablamadan aydın olur ki, bu hadisələr fonunda Ermənistanda ixracında da azalması qaçınılmaz olacaq. Məlumat üçün bildirək ki, cari ilin 8 ayı ərzində Ermənistan cəmi 1,57 milyard dollar dəyərində ixrac həyata keçirib və ixrac 6 faiz azalıb. Nəzərə alaq ki, Ermənistanın ixracyönümlü mədən sənayesində işlərin dayandırılması ilə bağlı məlumatlar gəlməkdədir. Bu isə ondan xəbər verir ki, işğalçı müharibə, eyni zamanda, ixracın da azalması prosesinin sürətləndirilməsi ilə müşayiət olunacaq və bunun nəticəsində Ermənistanın ticarət balansında kəsir daha da böyüyəcək.

Digər tərəfdən yerli istehsalın azalması məhdud valyuta resursları olan Ermənistanı xüsusən də ərzaq məhsullarının idxalını artırmağa məcbur edəcək. Əgər Ermənistan işğalçı siyasətindən əl çəkməyərək daha uzun müddətli bir müharibəyə can atarsa, bunun iqtisadi təsirləri ölkə üçün daha ağır olacaq. Ermənistan 2020-ci illə yanaşı, gələn il də ciddi iqtisadi çətinliklərlə üzləşəcək. Koronavirus pandemiyasının və müharibənin şiddətlənməsi ilə bu itkiləri daha da arta bilər. Bu isə Ermənistanda əhalinin daha sürətlə yoxsullaşmasına və dövlətin iflasına səbəb olacaq.

Azvision.az


Teqlər: Ermənistan   ÜDM  





Xəbər lenti