Şəhidlərin və həlak olan mülki şəxslərin kreditləri silinəcək

Şəhidlərin və həlak olan mülki şəxslərin kreditləri silinəcək
  24 Oktyabr 2020    Oxunub:6798
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir. Bu tarixi günlərdə Azərbaycan bank ictimaiyyəti də hər zamankı kimi Ordumuzun, dövlətimizin yanındadır. Azərbaycan bankları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımıza, Vətən uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə bütün dövrlərdə xüsusi diqqət və ehtiramla yanaşıb və bu münasibət hər zaman davam edəcək.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) Azvision.az-a bildirilib ki, hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ABA-nın üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul edib:

Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin; Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin; Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 2020-ci il sentyabrın 27-dən tam dayandırılsın; Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin birillik əməkhaqqı miqdarında vəsait ödənilsin; Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üçaylıq əməkhaqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.

İctimaiyyətə məlum olduğu kimi, ölkəmizdə hərbi vəziyyətin elan edildiyini nəzərə alaraq, cəbhəyə səfərbər edilib, döyüş bölgəsində yaralanmış şəxslər haqqında və digər əlaqədar məlumatlar məxfi xarakter daşıyır. Bu barədə bankların da məlumatı olmur. Bu səbəbdən, banklar tərəfindən müştərilər haqqında əlavə məlumatlar yalnız onlarla kredit öhdəlikləri ilə bağlı əlaqə saxlanıldığı zaman məlum olur və banklar müştərinin kredit tarixçəsində nəzərə almaq üçün müvafiq qeydlər aparır.

Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir.

Qələbə bizimlədir!

Azvision.az


Teqlər: Hərbçilər   Borc   Silinmə  





Xəbər lenti