Zəngilanın aqrar potensialı
Ərazisində əsasən mülayim isti iqlim müşahidə edilir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən axan çaylarıdır. İlin bütün fəsillərində bol sulu olan çaylardan məişət və kənd təsərrüfatından başqa, müxtəlif sahələrdə də istifadə edilirdi. Ərazisindən tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər. və s kimi faydalı qazıntılar var.
Rayon əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. Ərazisindən axan çayların bol sulu olmasına görə sakinləri həm bir illik, həm də çoxillik bitkiləri əkə bilirdilər. Əsas məşğuliyyətin əkinçilik olduğu rayonda müxtəlif meyvələr, tərəvəzlər və əsasən də tütün və üzüm əkilirdi. Yayı isti, qışı mülayim olan rayonda otlaq sahələrinin geniş olmasına görə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvandarlıq inkişaf etdirilmişdi.
Rəsmi statistik məlumatlara əsasən, 1980-ci ildə 17704 olan iribuynuzlu heyvanların sayı, 1985-ci ildə 20317-ə yüksəlmiş və 1988-ci ildə isə 19131 olmuşdur. Xırdabuynuzlu heyvanlar üzrə isə 1980-ci ildə 51210, o cümlədən 41338 qoyun, 9872 keçi, 1985-ci ildə isə 33441, o cümlədən 25299 qoyun, 8142 keçi, 1988-ci ildə isə 34550, o cümlədən 25539 qoyun, 9011 keçi olmuşdur. Bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 1724, 1880, 1980 ton və kəsilmiş çəkidə isə uyğun olaraq 1001, 1084, 1139 ton təşkil etmişdir. Rayon üzrə bütün təsərrüfatların cəmi süd istehsalı illər üzrə 9973, 7943 və 9165 ton olmuşdur. Yun istehsalı müvafiq olaraq 71, 47 və 54 ton və yumurta istehsalı isə 2554, 3292 və 3617 min ədəd təşkil etmişdir. Statistik məlumatlara əsasən deyə bilərik ki, heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf etmişdir.
Bitkiçilik üzrə rəsmi statistik məlumatlara əsasən, taxıl istehsalında 1980-ci ildə 1526 hektar sahədə payızlıq və yazlıq buğda əkilmiş və 1857 ton məhsul əldə edilmişdir. 1985-ci ildə sahə 1488 hektar, yığılmış məhsul isə 3111 ton olmuşdur. 1988-ci ildə isə 1583 hektar sahədən 3793 ton buğda istehsal edilmişdir. Payızlıq və yazlıq arpa 1980-ci ildə 214 hektar ərazidən 329 ton, 1985-ci ildə 225 hektar ərazidən 600 ton, 1988-ci ildə isə 346 hektar ərazidən 829 ton məhsul yığılmışdır. Dənli və dənli paxlalılar isə 1980-ci ildə 1813 hektar sahədə əkilmiş və 2186 ton məhsul toplanmışdır. 1985-ci ildə 1747 hektar sahədən 3722 ton, 1988-ci ildə isə 1929 hektar sahədən 4622 ton məhsul istehsal edilmişdir. Tütün isə 1980-ci ildə 381 hektar sahədən 1232 ton, 1985-ci ildə 369 hektar sahədən 1313 ton, 1988-ci ildə 359 hektar sahədən 1272 ton məhsul toplanmışdır. Rayon üzrə ən çox istehsalına üstünlük verilən isə üzümdür. 1980-ci ildə 4573 hektar sahədən 15429 ton, 1985-ci ildə 3841 hektar sahədən 26165 ton, 1988-ci ildə isə 2391 hektar sahədən 16322 ton məhsul istehsal edilmişdir.
1988-ci ilin statistik məlumatlarına əsasən, Zəngilan rayonunun cəmi əkin sahəsi 6726 hektar olmuş və 26375 ton fərqli məhsul istehsal edilmişdir. Sadalanan əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə alsaq ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə olunub, istər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Bütün bunlar Qarabağın, o cümlədən Zəngilanın işğaldan azad olunduqdan sonra ölkəmizin kənd təsərrüfatında əhəmiyyətli rolu olacaqdır.
Aşağıdakı cədvəldə ölkə üzrə kənd təsərrüfatının müxtəlif sahələrində 2019-cu ildə olan istehsal və Zəngilan rayonunun həmin məhsullar üzrə potensial istehsal imkanları və ölkə üzrə həmin istehsalın artırılmasındakı payı göstərilib. Cədvəl Zəngilan rayonunda kənd təsərrüfatı fəaliyyətinin bərpa edilməsindən sonra bu sahə üzrə ölkəmizə verəcəyi faydanı əks etdirir.
Rayonun cəmi əkin sahəsi ölkə üzrə əkilən torpaqların cəmi 0,4 faizinə bərabərdir. Zəngilanın işçi qüvvəsi və iqlim resurslarından çox məhsuldar şəkildə istifadə edildiyi yuxarıdakı cədvəldən aydın görünür. Əsasən tütün və üzüm istehsalı üzrə ixtisaslaşan rayonda, tütünün istehsalının bərpa edilməsindən sonra ilk illərdə təqribən 22 faiz, üzümdə isə təqribən 13 faiz artım müşahidə ediləcək. Digər bitkilərdən arpa, buğda və dənli, dənli paxlalı bitkilərin əkinindən isə təqribən 0,1 faiz artım müşahidə oluna bilər. İribuynuzlu heyvandarlığın bərpa edilməsi ilə bu sahədə 0,8 faiz, xırdabuynuzlu heyvandarlıqda isə 0,4 faiz artım gözlənilə bilər. Bu sahələrə müvafiq olaraq, diri və kəsilmiş çəkidə ət istehsalı 0,3 faiz və yun istehsalında isə təqribən 3 faiz artım olacaq. Süd və yumurta istehsalında müvafiq olaraq 0,4 və 0,2 faiz artım proqnozlaşdırılır.
1985-ci ildən 35 il kimi çox uzun bir vaxt keçib. Bir qərinə ərzində kənd təsərrüfatının bütün sahələrində Azərbaycan Respublikası ciddi inkişaf əldə edib. Şübhəsiz ki, ermənilər tərəfindən işğal edilməsəydi, Zəngilan rayonu da bu inkişafdan kənarda qalmayacaqdı. Eyni zamanda, müasir dövrdə elmin inkişaf səviyyəsi, intensiv istehsal texnologiyaları, innovativ becərmə üsulları və digər amillər rayonun potensial imkanlarının daha böyük olduğunu deməyə əsas verir.
Torpaq sahəsinə görə ən kiçik rayonlardan olan Zəngilanın kənd təsərrüfatı üzrə istehsal göstəricilərinin təqdim edilməsindən aydın olur ki, keçən 30 il ərzində Qarabağın işğal altında olması ölkə üçün nə qədər böyük ziyana səbəb olmuşdur.
Azvision.az
Teqlər: Zəngilan