“Qarabağın azad edilməsi Ermənistana çox böyük iqtisadi zərbədir”
Komitə sədri bildirib ki, hazırda Ermənistanın xarici dövlət borcu təqribən 8,1 milyard dollar, valyuta ehtiyatlarının toplam həcmi isə 0,95 milyard dollardır: “Ölkənin xarici dövlət borcu ümumdaxili məhsulun (ÜDM) 60,32 faizinə çatıb. Bu ilin yanvar-sentyabr aylarında Ermənistan iqtisadiyyatında geriləmə 6,6 faiz olub. İqtisadiyyata sərmayə qoyuluşu cəmi 99 milyon dollar təşkil edib. Milli valyuta olan dram sürətlə qiymətdən düşür: hazırda 1 dollar 525 dramdır. Qarşıda isə nağd pul çatışmazlığı, hiperinflyasiya, vergi ödənişlərinin kəskin azalması, işsizlik və yoxsulluq səviyyəsinin artımı var. Ehtiyatda olan 500 milyon dollar isə savaş günlərində dramın çökməsinin qarşısını almaq üçün valyuta intervensiyalarına sərf olunub”.
Tahir Mirkişilinin sözlərinə görə, İkinci Qarabağ Müharibəsinin nəticələri Ermənistan üçün fəlakətlidir: “Belə ki, Ermənistanda 10 ən iri vergiödəyici arasında "GeoMining Gold", "İnternational Masis Tobacco", "Alex Holding" var. Bu şirkətlərin üçü də Zod, Vejnəli və s. yataqların istismarı, Hadrut, Fizuli və Qubadlı rayonlarındakı tütün plantasiyaları, habelə Kəlbəcər rayonunun təbii ehtiyatlarının istismarı hesabına fəaliyyət göstərirdi.
Ermənistanın elektroenerjiyə tələbatının 11,3 faizi Qarabağdakı 6 elektrostansiya hesabına ödənirdi. Həmin stansiyaların 3-ü Kəlbəcərdə, biri Suqovuşanda, ikisi Laçındadır. Yəni Ermənistan 5 hidroelektrostansiyadan aldığı elektroenerjini birdəfəlik itirib.
Ermənistanın taxıla olan ehtiyacının 25 faizi Qarabağ hesabına ödənirdi. Artıq bu, mümkün deyil, çünki ermənilər Hadrut, Füzuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarındakı tarlalardan məhrum oldular. Və ən nəhayət, Ermənistan dünya şərab bazarına çıxardığı, 8 ölkədə satdığı "Kataro" şərab brendini də itirdi. “Kataro" şərabları Hadrutun Tuğ kəndində istehsal olunur. Həmin kəndsə erməni işğalından qurtulub. Ermənistanı çox ciddi iqtisadi fəlakət gözləyir. Bundan isə onları kimsə xilas edə bilməyəcək”.
Azvision.az
Teqlər: Ermənistan Deputat