Dövlət Gömrük Komitəsi iddialara cavab verdi

Dövlət Gömrük Komitəsi iddialara cavab verdi
  10 Dekabr 2020    Oxunub:1381
Dövlət Gömrük Komitəsi "Fitolek Azerbaijan" MMC-nin rəhbəri Elşad İsmayılovun iddialarına cavab verib.
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a daxil olan məlumatda deyilir:

"Bu gün bəzi kütləvi informasiya vasitələrində "Fitolek Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi özünü təqdim edən Elşad İsmayılov adlı şəxs gömrük orqanlarının ünvanına şər, böhtan və tamamilə əsassız fikirlər səsləndirərək, konkret olaraq Bakı Baş Gömrük İdarəsinin sahibkarlara "maneələr" yaratması, hətta daha irəli gedərək rüşvət istənilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, Polşa Respublikasının "Polski lek" S.A. şirkəti ilə bağlanmış müqavilə əsasında "Fitolek Azerbaijan" MMC-nin ünvanına daxil olmuş "bioloji fəallığa malik qida əlavələri" yükünə dair məlumatlar dolayı təmsilçi tərəfindən 27.11.2020-ci il tarixli, 01201000345532 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə gömrük orqanına bəyan edilib.

Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük bəyannaməsi və ona əlavə edilmiş sənədlər üzrə araşdırma həyata keçirilərkən malın gömrük dəyərinin yanlış bəyan edilməsinə dair şübhə yaranıb, bu səbəbdən gömrük bəyannaməsi müvafiq düzəlişlərin edilməsi məqsədi ilə dolayı təmsilçiyə geri göndərilib. Elşad İsmayılovun gömrük orqanı tərəfindən bildiriş verilmədiyi barədə səsləndirdiyi fikirlər gömrük bəyannaməsi üzrə elektron çıxarışla təkzib olunur. Gömrük orqanının vəzifəli şəxsi tərəfindən malın ümumi gömrük dəyərinə dair qeyd edilən bildiriş icra edilmədən yenidən rəsmiləşdirmə aparılması məqsədilə imzalanıb və gömrük orqanına təqdim edilib.

Xarici ticarət içtirakçısı "Fitolek Azerbaijan" MMC malın ümumi gömrük dəyərinə dair bildirişlə razılaşmadığı üçün gömrük orqanı tərəfindən qanunamüvafiq qaydada malın real dəyərinin müəyyən edilməsi məqsədi ilə 04.12.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası "AZƏREKSPERTİZA" Birliyinə müraciət edilib. "Fitolek Azerbaijan" MMC malın ümumi gömrük dəyərini 57 min 635 manat göstərdiyi halda, "AZƏREKSPERTİZA" Birliyinin 8 dekabr 2020-ci il tarixli, 241 saylı cavab məktubuna əlavə edilmiş ekspert rəyinə əsasən malın orta bazar qiymətinin 196 min 088 manat dəyərində olduğu, buna uyğun olaraq malların ümumi gömrük dəyərinin isə 122 min 776.56 manat təşkil etdiyi müəyyənləşdirilib. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsində "Fitolek Azerbaijan" MMC tərəfindən gömrük qanunvericiliyinin pozulması faktı üzrə araşdırma davam etdirilir.

Onu da qeyd edək ki, "Fitolek Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Elşad İsmayılovun Bakı Baş Gömrük İdarəsinin əməkdaşları barəsində söylədiyi əsassız ittihamlarla bağlı məhkəməyə müraciət edilərək hüquqi müstəvidə addımlar atılacaq.

Dövlət Gömrük Komitəsi bir daha media qurumları və onun nümayəndələrinə gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən rəsmi mövqeyi öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, ölkəmizin gömrük orqanları daim qanuni ticarətin yanındadır və gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları tərəfindən malların dəyərinin azaldılmasına qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər bundan sonra da həyata keçiriləcək".

Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti