Azad edilən rayonların inkişafı ilə bağlı təkliflər

Azad edilən rayonların inkişafı ilə bağlı təkliflər
  21 Dekabr 2020    Oxunub:1395
İşğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması başa çatmaqdadır.

Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sənədin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunması gözlənilir:
"Konsepsiyada həmin ərazilərimizin inkişafı üçün təşviqedici tədbirlərin nəzərdə tutulacağı gözlənilir. Bütövlükdə, işğaldan azad olunan rayonlarımızın inkişafı üçün həm o ərazilərimizdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulmasına ehtiyac var. Sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə də aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur. Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq, yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqini nəzərə alsaq, oxşar modelin istifadəsi arzuolunan olardı".

Deputat qeyd edib ki, yeni yaradılacaq iş yerlərində yerli sakinlər üçün kvotaların müəyyənləşdirilməsi, özünüməşğulluq proqramının genişləndirilməsi kimi tədbilərin də nəzərə alınması məskunlaşmadan sonra o bölgələrdə yaşayacaq vətəndaşlarımız üçün yeni imkanlar yarada bilər.

"Bütövlükdə, Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir".

Azvision.az


Teqlər: Qarabağ   İqtisadiyyat   Sosial  





Xəbər lenti